Prezident İlham Əliyevin hər bir çağırışı gələcəyimiz üçün mühüm yol xəritəsidir - Vüqar Rəhimzadə

04.11.2025 09:08 11 baxış sayı 6 dəq. oxuma Trend
Prezident İlham Əliyevin hər bir çağırışı gələcəyimiz üçün mühüm yol xəritəsidir - Vüqar Rəhimzadə

Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin hər bir çıxışı, xüsusən də elm və təhsilə dair çağırışları ölkənin gələcəyi üçün əsas yol xəritəsidir. Elm və təhsil hazırda yalnız inkişaf etmiş ölkələrin deyil, bütün dünyanın əsas prioritetlərindən sayılır. Metodologiyalar və texnologiyalar köklü şəkildə dəyişir, elm böyük inkişaf dəyişikliklərinə məruz qalır. Ulu Öndər Heydər Əliyev təhsili millətin gələcəyi kimi dəyərləndirirdi. Bu fikirləri davam etdirən dövlət başçısı İlham Əliyev isə yalnız təhsilin yüksək səviyyədə olduğu ölkələrin yaxşı inkişaf etdiyini söyləyir.


Son 22 ildə Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirib. O, ilk gündən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürərək, təhsil, elm və iqtisadiyyatın vəhdətini yaratmaq üçün bir-birindən önəmli addımlar atır. Yeni sosial-siyasi reallıqlar və dünyanın çağırışları intellektual gəncliyin qarşısına mühüm vəzifələr qoyur, bu vəzifələrin uğurlu icrası üçün zəruri addımlar atılır. Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş yığıncaqda bu məqamlara yenidən diqqət yetirdi. Prezident qeyd etdi ki, 80 il ərzində AMEA Azərbaycanda elmin inkişafında aparıcı rol oynayıb. Biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan həmişə elmin inkişafına böyük diqqət ayırıb. Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləyirdi.


Hələ 1970-ci illərdə onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdirildi, yeni elmi-tədqiqat institutları yaradıldı və elmə böyük vəsait ayrıldı. Bu siyasət müstəqillik illərində də davam etdirildi. O dövrlərdə yüz minlərlə gənc Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmiş, bu da ölkənin intellektual potensialını gücləndirmişdi. Bu gün də on minlərlə Azərbaycan gənci dünyanın aparıcı ali məktəblərində təhsil alır və əksəriyyəti Vətənə qayıdaraq ölkənin inkişafına dəyərli töhfələr verir. Prezident AMEA-nın 70 illik yubileyindən keçən 10 ildə həm dünyada, həm də Azərbaycanda köklü dəyişikliklərin baş verdiyini xatırlatdı. Bu son 10 il Azərbaycan üçün inkişaf və zəfərlərlə zəngin illər oldu. Əsas vəzifə olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası layiqincə təmin edildi. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir, ərazimizdə işğalçı qüvvələr və xarici hərbi birləşmələr yoxdur.


Rəhimzadə vurğulayıb ki, Azərbaycanın uğurlarının zirvəsində tarixi Zəfərimiz dayanır. Bu Qələbənin hər bir mərhələsi beynəlxalq hərbi məktəblərdə tədqiq edilir. Prezident İlham Əliyev xüsusi olaraq pilotsuz uçuş aparatlarının (PUA) tətbiqini qeyd etdi. O, bu məhsulların həm xaricdən alındığını, həm də bir çox növ PUA-ların ölkədə istehsalına başlanıldığını bildirdi. Elm iqtisadiyyat və sənaye ilə sıx bağlı olmalıdır. Dövlət başçısı dövlət strukturlarını alimlərlə daha yaxından işləməyə çağırdı, çünki elmimizin praktik nəticələri olmalıdır. Millət vəkili iqtisadi tərəqqinin ölkənin dayanıqlı inkişafının əsasında durduğunu söyləyib. Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisi bütün dövrlərin siyasətinin əsasını təşkil edir. Prezident İlham Əliyev bu möhkəm təməl üzərində Azərbaycanı iqtisadi möcüzələr ölkəsi kimi tanıtdırır. İndi artıq yalnız neft-qaz deyil, qeyri-neft sektoru da uğurla inkişaf edir, iqtisadiyyatın aparıcı təkanverici qüvvəsinə çevrilir.


Prezident qeyd edib ki, iqtisadi göstəricilərimiz çox müsbətdir, çünki iqtisadiyyatımız sağlamdır və biz heç kimdən asılı deyilik. İki aparıcı beynəlxalq reytinq agentliyinin kredit reytinqimizi investisiya səviyyəsinə qədər artırması ölkədə gedən iqtisadi islahatların təzahürüdür. İqtisadi müstəqillik təbii ki, siyasi müstəqilliyi də gücləndirir. Bu gün əsas investisiya layihələri Qarabağ və Şərqi Zəngəzura yönəlib. Güclü iqtisadiyyatımız azad edilmiş torpaqların tezliklə bərpa edilməsinə və güclü hərbi potensialın yaradılmasına imkan verir. Vüqar Rəhimzadə sonda vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngindir. Ölkəmiz bu çağırışların həyata keçirilməsi üçün böyük potensiala və təcrübəyə malikdir. Hər bir çağırış bizim gələcəyimiz üçün hazırlanmış mühüm yol xəritəsidir. Bu gün hər bir vətəndaş Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə qürur duyur.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: