“Qara qızılın saldığı dəmir yollar” fotosərgisi Sabunçu vağzalına köçdü (FOTO)

03.11.2025 13:06 7 baxış sayı 2 dəq. oxuma Trend
“Qara qızılın saldığı dəmir yollar” fotosərgisi Sabunçu vağzalına köçdü (FOTO)

Sabunçu Dəmiryol Vağzalının sərnişinləri artıq növbəti günlərdə buradan keçərkən “Qara qızılın saldığı dəmir yollar” fotosərgisi ilə tanış ola bilərlər. Vağzalın yuxarı mərtəbəsində açılan bu sərgi Azərbaycanın sənaye tarixində əsas rolda olan iki sahənin – neft və dəmir yollarının bir-birini tamamlayan inkişaf yolunu göstərir. Bu sərgi “Azərbaycan Dəmir Yolları”nın bu il qeyd edilən 145 illik yubileyinə həsr olunub və “Balakhani Operating Company” ilə birgə təşkil edilib.


Sərgi izləyiciləri vizual tarixi səyahətə çıxarır. O, xatırladır ki, Azərbaycanda XIX əsrin sonlarında neft hasilatının başlaması nəqliyyat sisteminin qurulmasını zəruri etdi. Nəticədə, 1880-ci ildə ilk dəmir yolu xətti – Bakı–Sabunçu–Suraxanı istifadəyə verildi. Bu qatarlar dünya tarixində bir ilkə imza ataraq, nefti vaqon-sisternlərlə daşıyırdılar. Həmin dəmir yolları təkcə "qara qızılı" deyil, həm də minlərlə sərnişini - Abşeronun mədənlərindən şəhərə gedən və ya əksinə qayıdan neftçiləri və onların ailələrini də aparırdı.


Sərginin rəsmi açılışı tarixi Sabunçu vağzalında, yəni indiki Dəmiryol Muzeyində baş tutdu. Açılışda çıxış edən “Balakhani Operating Company” hasilat şirkətinin prezidenti Rövşən Rzayev neftçilərlə dəmiryolçuların fəaliyyətinin bu günə qədər sıx bağlı olduğunu bildirdi. O, qeyd etdi ki, Sabunçu və Suraxanı rayonlarındakı mədənlərdə çalışan əməkdaşların hətta 10%-dən çoxu hələ də işə qatarla gəlib gedir. “Qara qızılın saldığı dəmir yollar” sərgisindəki tarixi fotoların əksəriyyəti Milli Arxivdən alınıb və ictimaiyyətə ilk dəfə nümayiş etdirilir.


L
Biznes müxbiri

Sahibkarlıq və kiçik-orta biznes mövzularında yazıram. Startapların və yerli istehsalçıların uğur hekayələrini izləmək xoşuma gəlir.

Bütün məqalələrə baxın
Paylaş: