Qarakənd faciəsindən 34 il ötür

19.11.2025 20:06 4 baxış sayı 4 dəq. oxuma Trend
Qarakənd faciəsindən 34 il ötür

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus "Mi-8" hərbi vertolyotunun erməni silahlı bölmələri tərəfindən vurulmasından 34 il keçir. 1991-ci il noyabrın 20-də baş verən bu dəhşətli faciə nəticəsində ölkənin bir çox yüksək səviyyəli dövlət xadimləri, prokurorlar, millət vəkilləri və jurnalistlər həlak oldular. Bu hadisə Qarabağ münaqişəsinin ən ağır səhifələrindən biri kimi tarixə düşdü. Vertolyotun vurulması sülh danışıqları aparmaq və bölgədəki vəziyyəti yerində yoxlamaq üçün yola çıxan nümayəndə heyətini hədəf almışdı.


Faciədən əvvəl, noyabrın 7-də Bakıda Qarabağdakı vəziyyəti müzakirə etmək məqsədilə Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan nümayəndələrinin iştirakı ilə mühüm görüş keçirilmişdi. Tərəflər Xankəndiyə gedərək hadisələri öz gözləri ilə görməyə razılaşdılar. Noyabrın 18-də isə Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng edərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş etdi ki, Təhlükəsizlik Şurasının növbəti iclası məhz Dağlıq Qarabağda keçirilsin. Bu tələb ərazidə torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də iclasda iştirakını təmin etməli idi. Bu telefon zəngindən sonra Bakıda yola düşəcək şəxslərin siyahısı tərtib olundu.


İlkin siyahıya Viktor Polyaniçko rəhbərlik etməli idi. Siyahı güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından seçilmiş şəxslərdən ibarət idi. Rəsmi Moskva dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun iclasda hökmən iştirak etməsini istəyirdi. Siyahı noyabrın 19-u saat 19:05-də tərtib edilsə də, gecədən xeyli keçmiş gözlənilmədən yeniləndi. Yenilənmiş siyahıdan Viktor Polyaniçkonun və güc nazirliklərindən seçilmiş bir sıra şəxslərin adları çıxarıldı. Onların yerinə millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov əlavə olundu. Beləliklə, Tofiq İsmayılov tərtib olunmuş heyətə rəhbərlik etməli idi və Ağdamda Təhlükəsizlik Şurasının səyyar iclasının keçirilməsi planlaşdırılırdı.


Qarakənd səmasında faciə 1991-ci il noyabrın 20-də baş verdi. Həmin gün saat 12:57-də Ağdam uçuş zolağındakı iki Mİ-8 vertolyotunun (69 və 72 nömrəli) yanacaq bakları dolduruldu. N69 əsas vertolyot kimi nəzərdə tutulsa da, təhlükəsizliyi təmin edilməmiş N72 vertolyotu saat 13:48-də havaya qalxdı. Hərbi maşınlarda qurulmuş radarlar Ağdam və Xocalı hava limanlarının uçuş və enmə zolaqlarını nəzarətdə saxlayırdı. Saat 14:05-də Ağdamdan Qarakənd istiqamətinə uçan Mİ-8 N72 vertolyotu ilə rabitə əlaqələri kəsildi. Bu barədə məlumat Xocavənd istiqamətinə ötürülməsinə baxmayaraq, faciə haqqında ilkin məlumat təxminən altı saat sonra verildi. Hesablamalara görə, 300 metr yüksəklikdə uçan Mi-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulmuşdu. Qəza nəticəsində ümumilikdə 22 nəfər həyatını itirdi.


Bu faciədə həlak olan 22 nəfərin arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov və baş nazirin müavini Zülfi Hacıyev kimi yüksək vəzifəli şəxslər var idi. Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev və millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov da şəhid oldular. Vertolyotda eyni zamanda Rusiyadan və Qazaxıstandan olan hərbi və milis rəhbərləri, o cümlədən Qazaxıstan DİN-in müavini Sanlal Serikov da mövcud idi. Azərbaycan Televiziyasının əməkdaşları, telejurnalist Alı Mustafayev, video-operator Fəxrəddin Şahbazov və işıqçı Arif Hüseynzadə də 22 nəfərlik heyət ilə Qarakənd səmasında şəhid oldu.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: