Qayıdış sadəcə hüquq deyil – Regionda sülh arxitekturasının əsas elementi

05.12.2025 14:56 8 baxış sayı 4 dəq. oxuma Trend
Qayıdış sadəcə hüquq deyil – Regionda sülh arxitekturasının əsas elementi

Bu gün Bakıda Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə III beynəlxalq konfrans keçirilib. Konfransın mövzusu "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi" idi. Tədbir iştirakçılarına Prezident İlham Əliyevin müraciəti oxundu. Müraciətdə bir sıra əhəmiyyətli məsələlərə toxunulub.


Politoloq Azər Qarayevə görə, Prezidentin müraciəti həm siyasi, həm humanitar, həm də tarixi-mədəni aspektdə geniş və çoxqatlı mesajlar daşıyır. Çıxışın əsas ideyası ondan ibarətdir ki, Ermənistan ərazisindən deportasiya olunmuş azərbaycanlıların geri qayıdış hüququ yalnız regional bir problem kimi qiymətləndirilməməlidir. Bu məsələ beynəlxalq hüquq, insan hüquqları və mədəni irsin qorunması sahəsində qlobal gündəliyə daxil edilməlidir. Qarayev qeyd edir ki, Ermənistandan azərbaycanlıların çıxarılması və mədəni irsin məhv edilməsi təsadüfi hadisə deyil; bu, ardıcıl və planlı bir fəaliyyət kimi təqdim olunur. Yaşayış məskənlərinin, dini məbədlərin, qəbiristanlıqların, maddi və qeyri-maddi irsin məhv edilməsi beynəlxalq səviyyədə sübuta yetirilmiş tarixi reallıqdır. Bu yanaşma qayıdış məsələsinin təkcə siyasi yox, həm də tarixi-etik məsələ olduğunu ön plana çıxarır.


Politoloq qeyd edib ki, müraciətin ən mühüm məqamlarından biri geri qayıdış hüququnun konkret beynəlxalq sənədlərdə təsbit edilməsinə istinadlardır. Qayıdış tələbi sadəcə siyasi iddia deyil, hüquqi standartlara uyğun haqqdır. Bu, BMT sənədlərində birmənalı şəkildə tanınan fundamental insan hüququdur, bu səbəbdən Ermənistan bu hüququ təmin etməyə borcludur. Bundan əlavə, Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin bərpası da əsas məsələlərdən biridir. Bu məsələ mədəni diplomatiyanın elementi sayılır. O, münaqişədən sonrakı dövr üçün etimad yaratma prosesinin ayrılmaz hissəsidir. Azərbaycan regionda sülhün qurulması üçün mədəni irsi siyasi mübahisə predmetinə çevirmir, əksinə, onu ümumbəşəri dəyərlərin qorunması kontekstində təqdim edir. Bu, beynəlxalq təşkilatlar üçün yeni fəaliyyət istiqaməti açır.


Azərbaycan cəmiyyəti revanşizmdən uzaqdır, bu yanaşma hüquqi çərçivədədir. Qayıdış ideyası heç vaxt başqa bir dövlətin ərazi bütövlüyünə təhdid kimi formalaşdırılmır. Bu məsələ Ermənistanla sülh əlaqələrinin qurulması fonunda strateji baxımdan çox əhəmiyyətlidir. Prezident İlham Əliyevin 2025-ci il 8 avqust tarixli Vaşinqton Birgə Bəyannaməsinə və sülh sazişinin paraflanmasına istinad etməsi müraciətin siyasi mesajını gücləndirir. Bu, qayıdış hüququ məsələsinin artıq yalnız humanitar gündəlikdən çıxaraq, **sülh prosesinin əsas komponentinə** çevrildiyini göstərir. Beləliklə, Ermənistan və Azərbaycan arasında sülh perspektivləri real bir mərhələyə qədəm qoyur. Müraciət tarixi ədalətsizliklərlə bağlı beynəlxalq diqqəti yenidən cəlb edir, eyni zamanda sülh gündəliyini dəstəkləyir.


F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: