
Qrip mövsümü başlayır. Peyvənd kimlərə vacibdir? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti cavab verir

Payız-qış mövsümü tənəffüs yoluxucu xəstəliklərin artdığı dövrdür. Bu müddət ərzində insanlar daha çox qapalı yerlərdə vaxt keçirirlər, buna görə də qrip və kəskin respirator virus infeksiyalarına (KRVİ) yoluxmaq asanlaşır. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov mövsümi viruslar, onların yoluxuculuq müddəti və qrip peyvəndinin əhəmiyyəti haqqında məlumat verib.
Payız-qış aylarında ən çox yayılan fəsli viruslar KRVİ qrupuna aiddir. Bu virusların 200-dən çox tipləri var. Onlar arasında qrip virusu (A və B tipləri) fəsli epidemiyaların əsas səbəbidir. Qrip adətən adi "soyuqdəymə" ilə müqayisədə daha təsiredici gedişi ilə seçilir. Adi "soyuqdəymə"nin səbəbi isə çox vaxt rinoviruslardır. Adenoviruslar yalnız tənəffüs yollarını deyil, həmçinin gözlərin konyunktivasını və limfoid toxumanı da zədələyə bilir. Paraqrip virusu qırtlağı zədələyir və kiçik uşaqlar üçün həyati təhlükə yarada bilər. Respirator-sinsitial virus (RS-virus) həm yuxarı, həm də aşağı tənəffüs yollarını zədələyə bilər ki, bu da kiçik uşaqlar və ahıl şəxslər üçün təhlükə daşıyır. Bu virusların əksəriyyəti soyuq aylarda aktivliklərinin pik həddə çatdığını göstərir.
Qrip daxil olmaqla, KRVİ zamanı yoluxuculuq dövrü virusun növündən və insanın immun sisteminin vəziyyətindən çox asılıdır. Ümumi qanunauyğunluq ondan ibarətdir ki, yoluxuculuq dövrü əksər viruslarda ilk simptomlar meydana çıxmamışdan 1-2 gün əvvəl başlayır. İnsan hələ özünü pis hiss etməmişdən əvvəl virusu ətrafa ifraz edir. Yoluxuculuğun piki xəstəliyin ilk 3-5-ci günləri olur, bu dövrdə yoluxma riski ən yüksəkdir. Qrip zamanı ilk əlamətlər meydana gəldikdən sonra 7 günədək yoluxduruculuq davam edə bilər. Bu müddət uşaqlarda və immuniteti zəif olan şəxslərdə daha uzun olur. Adenovirus infeksiyası zamanı isə insan bəzən 2-4 həftə, nadir hallarda isə bir neçə ay yoluxdurucu ola bilir. Əsas qayda budur ki, xəstə insan kəskin simptomlar keçib gedənədək özünü digər şəxslərdən izolyasiya etməlidir.
Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilmiş qrip peyvəndini ağır allergik reaksiya əks göstərişi olmayan hər kəs vurdura bilər. Vaksinasiya birinci növbədə yüksək risk qrupuna daxil olan, yəni qrip zamanı ağır fəsadlar inkişaf edə biləcək şəxslərə edilməlidir. Bu prioritet qruplara 6 aylıq yaşdan başlayan uşaqlar, 60-65 yaşdan yuxarı insanlar, yaşdan asılı olmayaraq ağır xroniki xəstəliyi olan şəxslər (şəkərli diabet, astma, ürək-damar xəstəlikləri kimi), həmçinin hamilə qadınlar (2-ci və 3-cü trimestrdə) daxildir. Yüksək yoluxma və infeksiyanı yaymaq riski olan tibb, təhsil, nəqliyyat sahələrinin işçiləri, məktəblilər və tələbələr də peyvənd olunmalıdırlar. Qrip əlamətləri artıq hiss edilirsə (burun axması, yüksək hərarət), bu halda peyvənd vurdurmaq məsləhət görülmür, çünki peyvənd xəstəliyin qarşısını almaq üçün nəzərdə tutulur.
Qrip peyvəndindən sonra immunitet 6-12 ay saxlanılır. Qrip virusunun çox dəyişkən olması və mutasiya etməsi səbəbindən hər il peyvəndlənmə zəruridir. Peyvənddən sonra qoruyucu anticisimlərin hazırlanması üçün təxminən iki həftə vaxt lazımdır. Bu səbəbdən qripə qarşı peyvəndi payızda (sentyabr-noyabrda) etmək tövsiyə olunur. Qrip vaksinini əksər digər peyvəndlərlə eyni vaxtda etmək icazəlidir; bu zaman vaksinlər fərqli nahiyələrə vurulmalıdır. Qrip peyvəndi birbaşa olaraq digər KRVİ-lardan qorumur, lakin bəzi tədqiqatlar göstərir ki, vaksinasiya immun sistemi aktivləşdirərək ümumilikdə immuniteti gücləndirir. Vaksinasiyanın əsas məqsədi qripin qarşısının alınmasıdır, çünki məhz qrip ağır fəsadlara və hospitalizasiyaya gətirib çıxarır.
Elm və tədqiqat mövzularında yazıram. Fizika üzrə təhsil almışam, elmi kəşfləri sadə dillə izah etməyə çalışıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Mövsümi qrip əleyhinə peyvənd dövlət xəstəxanaları...
Son Xeberler

Nazirlik bu şəxsləri peyvənd olunmağa çağırdı
Bugun.az

Azərbaycanlı həkimdən ŞOK AÇIQLAMA:
Son Xeberler

Azərbaycanda yayılan virus nədir?
Tibbi məlumatlar

ÜST-dən çağırış:
Son Xeberler

Azərbaycanda virus yayılıb
Tibbi məlumatlar



