“Ramiz Mehdiyev” işində Əli Kərimli epizodu üzrə son ciddi detallar bəlli oldu (FOTO)

01.12.2025 06:46 14 baxış sayı 4 dəq. oxuma Trend
“Ramiz Mehdiyev” işində Əli Kərimli epizodu üzrə son ciddi detallar bəlli oldu (FOTO)

Dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə yönələn Ramiz Mehdiyevin əməlləri ilə bağlı başlanan cinayət işi fərqli şəxsləri, o cümlədən Əli Kərimlini istintaqa cəlb edib. Hazırda bu cinayət işi çərçivəsində müxtəlif şəxslərin dindirilməsi davam edir. Sorğulanmalar göstərir ki, ssenarisi Rusiyada yazılmış əsas şübhəli sövdələşmələr məhz 2012-2013-cü illərdə başlayıb. Ramiz Mehdiyevin yaxın dostu olan və Azərbaycana qarşı fəaliyyəti dəfələrlə ifşa edilmiş Abbas Abbasov 2012-ci ildə Rusiyada "Milyarderlər İttifaqı" kimi tanınan "Rusiya Azərbaycan Təşkilatları İttifaqı"nı yaradır. İBRUS şirkətinin sahibi Rüstəm İbrahimbəyov Abbas Abbasovla birlikdə "Milyarderlər İttifaqı" Koordinasiya Şurasının üzvü olur. Bu ilkin qruplaşma, istintaq zamanı ortaya çıxan faktlara görə, sonrakı siyasi manevrlər üçün zəmin hazırlayıb.


“Milyarderlər İttifaqı”nın formalaşmasından dərhal sonra, Rüstəm İbrahimbəyov Əli Kərimli, Cəmil Həsənli və Gültəkin Hacıbəylini başına yığır. Onlar İttifaqın kapitalı ətrafında "Milli Şura" yaradırlar. Əli Kərimli isə həyatının növbəti ciddi səhvini edərək, tənəzzül etmiş AXCP-ni Rusiyada yaşayan Rüstəm İbrahimbəyovun qurduğu "Milli Şura"nın alətinə çevirir. Hamıya məlum olan bu hadisələrin daha dərin dəlilləri Ramiz Mehdiyevin evindən çıxan şokedici telefon danışıqları üzə çıxdıqdan sonra araşdırılıb. Məsələnin maraqlı tərəflərindən biri də odur ki, qeyd olunan kapital sonrakı illərdə də AXCP adından Əli Kərimlinin evinə axıb. Bu vəsaitin bir hissəsi iğtişaşlara cəlb olunan şəxslərə təklif edilib. Çoxlarının diqqətini çəkən bir məqam da budur: Əli Kərimlinin fasiləsiz mitinqləri məhz Ramiz Mehdiyev vəzifədən gedən zaman tarixə qovuşub.


Əvvəllər mətbuatda yayılan məlumata görə, DTX-nın AXCP sədri Əli Kərimlinin evində apardığı axtarış zamanı "Milyarderlər İttifaqı" ilə əlaqəyə dair materiallar tapılıb. Axtarışda həmçinin Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı və sair sənədlər əldə edilib. DTX-nın faktlarla təsdiqlənməyən qeyri-ciddi söhbətlərə baş qoşmadığı bəllidir. Araşdırmalar zamanı o fakt da tam təsdiqini tapıb ki, Əli Kərimlidən geri qalmaq istəməyən Gültəkin Hacıbəyli də öz "haqqı"nı əldə etməyi bacarıb. Məsələn, Bakıda və Goranboyda daşınmaz əmlaklar şəklində verilən bu vəsait fərqli siyasi xadimlərin əsas sxemdən necə maliyyə faydası gördüyünü göstərir.


Gültəkin Hacıbəyli Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 251A nömrəli binada gizli şəkildə 2 müasir mənzil hədiyyə alıb. Bu bina Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin sahibi olduğu "NLT" MMC tərəfindən inşa edilib. Həmin mənzillərdən biri G. Hacıbəylinin atası Yunis Hacıyevin adındadır. Söhbət 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir. G. Hacıbəyli bu mənzili hazırda yüksək məbləğə kirayə verib. Həmin binanın 13-cü mərtəbəsində, G. Hacıbəyliyə xüsusi "xidmətlərinə" görə bağışlanan digər mənzil isə Gültəkinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan 4 otaqlı mənzildə isə G. Hacıbəyli özü tək yaşayır. Nə Ramiz Mehdiyev və ailəsi, nə də Gültəkin Hacıbəyli və ailəsi tərəfindən bu iddiaların təkzib olunmaması oxucular üçün təəccüblü məqamdır.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: