Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlər aparılırmış

21.10.2025 10:33 7 baxış sayı 3 dəq. oxuma APA
Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlər aparılırmış

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə bəzi təfərrüatlar ictimaiyyətə məlum olub. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlər aparılıb. Bu tədbirlər onunla bağlı cinayət işi başlamazdan xeyli müddət əvvələ təsadüf edir. Bu fakt onu göstərir ki, DTX keçmiş yüksək vəzifəli şəxsin fəaliyyətini uzun müddət izləyirmiş. Mehdiyev AR Cinayət Məcəlləsinin ağır maddələri – 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) ilə ittiham olunur. Oktyabrın 14-də Səbail Rayon Məhkəməsi Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.


Kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli qərarı mövcuddur. Məlumata görə, rabitə kanalları ilə ötürülən məlumatların ələ keçirilməsi və "Şərq-Qərb" nəşriyyatı, eləcə də digər ünvanlarda axtarış tədbirləri məhz bu məhkəmə qərarı əsasında həyata keçirilib. Bu həftə Ramiz Mehdiyevin vəkilləri onun barəsində ev dustaqlığı seçilməzdən əvvəl qəbul edilmiş bir sıra qərarlardan apellyasiya şikayəti veriblər. Vəkillər bu məqsədlə DTX-dəki cinayət işinin materialları, həmçinin məhkəmənin çıxardığı qərarlarla tanış olublar.


Vəkillərin sayı barədə də maraqlı faktlar ortaya çıxıb. Mediada əvvəllər yalnız Zaur Abıyevin adı Mehdiyevin vəkili kimi çəkilirdi. Ancaq əldə edilən məlumatlara görə, Mehdiyevin bir yox, üç vəkili var imiş. O, özünə daha iki vəkil tutub. Hələlik digər iki vəkilin adı ictimaiyyətə açıqlanmır. Mehdiyev haqqındakı ittihamlar onun uzun illər dövlət idarəçiliyindəki fəaliyyəti ilə əlaqəli ola bilər. Xatırladaq ki, Prezident Administrasiyasının rəhbəri kimi R. Mehdiyev 1995-2019-cu illərdə çalışıb. Onun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ittiham olunması, işin dövlət təhlükəsizliyi aspektindən nə qədər həssas olduğunu göstərir.


S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: