Sadiq Qurbanov: "Azərbaycan imkanlar yaradan dövlət modelinə keçid edir"

20.11.2025 07:37 3 baxış sayı 4 dəq. oxuma Report
Sadiq Qurbanov: "Azərbaycan imkanlar yaradan dövlət modelinə keçid edir"

Milli Məclisin Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edib. O bildirdi ki, Azərbaycan artıq resurslara əsaslanan dövlət modelindən imkanlar yaradan dövlət modelinə mərhələli keçid edir. Deputatın sözlərinə görə, 2026-cı ilin dövlət büdcəsi ilk növbədə ölkə Prezidentinin müəyyən etdiyi əsas prioritetlərin maliyyə təminatıdır. Bu prioritetlərə dayanıqlı iqtisadiyyat, sosial rifah, təhlükəsizlik və çevik idarəetmə daxildir.


Qurbanov vurğuladı ki, Azərbaycan investisiya axınlarını strateji istiqamətlərə yönəldən, modernizasiyanı stimullaşdıran güclü dövlətə çevrilib. Bu, iqtisadiyyatın yeni inkişaf fəlsəfəsini formalaşdırır. O hesab edir ki, 2026-cı il dövlət büdcəsində neft-qaz gəlirlərinin, o cümlədən Dövlət Neft Fondundan transfertlərin azaldılması məqsədyönlü siyasətdir. Bu addım maliyyə bərpası deyil, iqtisadi modelin yeniləşməsinin və qeyri-neft-qaz sektorunun dayanıqlı inkişafının maliyyə əsasını formalaşdıran bir siyasi qərardır. Prezident İlham Əliyevin dediyi kimi, neft-qazdan asılılıq azaldılmalı, qeyri-neft-qaz sektoru əsas inkişaf xəttinə çevrilməlidir. Azərbaycanın gələcəyi bilik iqtisadiyyatında, texnologiyada və "yaşıl enerji"dədir. Əgər biz post-neft dövrünə bu gün hazırlaşmasaq, sabah gecikə bilərik.


O qeyd etdi ki, qlobal enerji sistemi köhnə məntiqlə işləmir. OPEC-in hesablamalarına görə, 2050-ci ilə qədər olan dövrdə enerjiyə tələbat 85% artacaq. Bu şəraitdə bərpa olunan enerjiyə keçid sürətlənməlidir, çünki neft tələbatı sabitləşir və karbon emissiyalarının azaldılması siyasətləri sərtləşir. Yeni enerji təhlükələri yaranır, geosiyasi güc balansı dəyişir. Bu gün enerji yalnız iqtisadi resurs deyil, həm də diplomatik təsir və strateji təhlükəsizlik aləti kimi çıxış edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu son illər güclənib və "yaşıl enerji"yə keçid bu rolu daha da artıracaq. Qlobal iqlim çağırışları fonunda Azərbaycanın enerji siyasətinin əsas sütunlarından biri yaşıl enerji transformasiyasını daha da sürətləndirməlidir.


Hazırda Xəzər dənizində irimiqyaslı külək enerjisi layihələrinə hazırlıq işləri gedir. Günəş və külək parkları fəaliyyətə başlayıb. İşğaldan azad edilmiş ərazilər, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl zona" elan olunub. Hədəf 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalındakı payını 14%-dən 30%-ə, qoyuluş gücünü isə 18%-dən 37%-ə çatdırmaqdır. Ölkəmizin hədəfi Azərbaycanı "yaşıl enerji" ixrac edən ölkəyə çevirməkdir. Dünya Bankının hesablamalarına görə, "yaşıl enerji"yə investisiyaları cəlb etmək Ümumi Daxili Məhsula (ÜDM) müsbət təsir göstərəcək, minlərlə iş yeri yaradılacaq və xarici sərmayə cəlbi daha cəlbedici görünəcək. S.Qurbanov həmçinin tullantıların idarə olunması, enerjiyə çevrilməsi, enerji səmərəliliyi və təkrar istehsal kimi istiqamətlərin büdcədə ayrıca dəstəklənməsinə ehtiyac olduğunu dedi. O, Yaşıl Tullantı və Enerji Fondunun yaradılmasını təklif etdi. Deputat sonda təmsil etdiyi Şabran rayonunda yeddi məktəbin tikintisinə, 17 məktəbin əsaslı təmirinə və 27 km yolun təmirinə böyük ehtiyac olduğunu söylədi.


K
Bank sektoru müxbiri

Bank sektoru və maliyyə xidmətləri haqqında yazıram. Əvvəllər bankda işləmişəm, indi isə bu təcrübəmi jurnalistikada istifadə edirəm.

Bütün məqalələrə baxın
Paylaş: