"Şamaxinka"da hərəkətin təşkilində dəyişikliklər edilir

28.11.2025 06:27 7 baxış sayı 4 dəq. oxuma Report
"Şamaxinka"da hərəkətin təşkilində dəyişikliklər edilir

Bakının Moskva prospektinin "Şamaxinka" adlanan hissəsində nəqliyyat axınını yaxşılaşdırmaq məqsədilə hərəkətin təşkilində əsaslı dəyişikliklər aparılır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) verdiyi məlumata görə, hazırkı vəziyyət yol kəsişmələrinin buraxıcılıq qabiliyyətinin aşağı olması ilə səciyyələnir. Problemlərdən biri 20 Yanvar küçəsinin Moskva prospekti və Asif Məhərrəmov küçəsi arasındakı hissəsinin səmərəsiz istifadə edilməsidir. Həmin hissədə iki yol sahəsi mövcud olsa da, onlardan biri istifadəsiz qalır. Bu istifadəsiz sahədə mövcud olan qanunsuz parklanmalar isə hərəkət iştirakçılarının nizamlı və fasiləsiz hərəkətinə ciddi bir maneə yaradır. Eyni zamanda, Moskva prospektində mövcud olan geriyədönmə yerləri böyük problemlərə səbəb olur.


Bu nöqtələrdə geri dönən nəqliyyat vasitələrinin trayektoriyası əsas axında hərəkət edən avtomobillərin trayektoriyası ilə toqquşur. Həmin yerlərdə hərəkət yalnız yol nişanları ilə tənzimlənirdi. Nəticədə geriyədönmə edən avtomobillər əsas axına daxil olanda yolda ciddi sıxlıq və tıxac yaranır. Zolaq dəyişən sürücülər və əsas istiqamətdə gedən avtomobillər arasında toqquşma riski də artır. Təbii ki, pik saatlarda prospektin bu hissəsində avtomobil axınının sürəti əhəmiyyətli dərəcədə azalır. Bu problemləri aradan qaldırmaq üçün layihə hazırlanıb. Layihə hazırlanarkən "Rəqəmsal əkiz" üzərindən xüsusi simulyasiyalar aparıldı. Bu simulyasiyalar nəticəsində əldə edilən məlumatlar yeni hərəkət sxeminin effektivliyini yoxlamağa imkan verdi.


Reallaşdırılan layihəyə görə, ilk növbədə 20 Yanvar və Asif Məhərrəmov küçələrinin kəsişməsində nəqliyyat adacıqları təşkil ediləcək. Bu yenilik sayəsində 20 Yanvar küçəsinin Moskva prospekti və Asif Məhərrəmov küçəsi arasındakı paralel hissəsində birtərəfli hərəkət təmin olunacaq. Birtərəfli hərəkət tətbiqi həmin yol sahəsinin səmərəliliyini bir neçə dəfə artıracaq, kəsişmənin buraxıcılıq qabiliyyəti yüksələcək. Dəyişikliklər nəticəsində 20 Yanvar küçəsinə paralel yerləşən küçədə mövcud olan qanunsuz parklanma halları tamamilə aradan qaldırılacaq. 4-cü mikrorayondan Moskva prospekti istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri isə bu yeni yola yönləndiriləcək.


Layihənin icrası ilə Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələri sahəsində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyi işıqforla tənzimlənəcək. Bu, əvvəllər riskli olan geriyədönmə manevrlərini daha təhlükəsiz və nizamlı edəcək. Nəqliyyatın tənzimlənməsi ilə yanaşı, sözügedən yol sahəsində dayanacaq məntəqələrinin yerinin yenidən qurulması da həyata keçiriləcək. Bütün bu tədbirlər Şamaxinka ərazisində nəqliyyat axınını normallaşdırmağa və ümumi sıxlığı azaltmağa xidmət edir.


C
Motor idmanları müxbiri

Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.

Bütün məqalələrə baxın
Paylaş: