Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər üzr istəyiblər, ittiham aktı elan olunub - YENİLƏNİB

27.11.2025 14:15 13 baxış sayı 4 dəq. oxuma APA
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər üzr istəyiblər, ittiham aktı elan olunub - YENİLƏNİB

Şəhidlər Xiyabanında nalayiq hərəkətlər edərək çəkdikləri videoları sosial şəbəkələrdə paylaşan üç Səudiyyə Ərəbistanı vətəndaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi Səbail Rayon Məhkəməsində keçirildi. Hakim Azər Tağıyevin sədrliyi ilə aparılan prosesdə Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad mühakimə olunurlar. Bu şəxslər hadisədən dolayı Azərbaycan xalqından və şəhid ailələrindən üzr istəsələr də, özlərini elan olunmuş ittihamda təqsirli saymadılar. Onlar məhkəməyə ünvanladıqları müraciətdə olduqları yerin önəmini anlamadıqlarını, ölkələrində xiyabanların başqa tərzdə olduğunu söyləyiblər. Məlum olub ki, Alghabr Mohammad Hussain Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyində təhqiqatçı işləyib, Alzaman Mahdi Ali DİN-ə mühafizəçi göndərilib, Alghabr Mahdi Mohammad isə özəl şirkətdə operator vəzifəsində çalışıb.


Təqsirləndirilən Alghabr Mohammad Hussain məhkəmədə ifadə verərək funikulyora minmək üçün Şəhidlər Xiyabanından keçdiklərini bildirib. O qeyd edib ki, onlar Bakıya bələdçisiz gəlmişdilər. "Sürücümüz dedi ki, dağüstü parkda funikulyor var, ona minib bütün Bakını görə bilərik. Biz ora gedəndə şəkillər və güllər olan yer gördük, amma bura Şəhidlər Xiyabanı olduğunu bilmədik," o deyib. O, hərəkətləri edəndən sonra iki qadının bura şəhidlərin dəfn olunduğu yer olduğunu söylədiyini bildirib. Daha sonra onlar əsgər salamı verib gediblər. Hussain, Səudiyyə Ərəbistanında qəbirlərin fərqli olduğunu, orada qəbir daşlarının, şəkillərin və güllərin olmadığını əlavə edib. O, məzar haqqında zarafat etmədiyini, sadəcə qəbir düzəltməyin xoşuna gəldiyi üçün əgər aralarından kimsə ölsə, ona belə qəbir hazırlayacağını dediyini iddia edib. Çəkilişin əsas məqsədi videonu ailəyə göndərmək və sosial şəbəkədə yaymaq idi. O, yerin ciddi məkan olduğunu bilmədiyini deyib və şəhidlərə sonsuz hörməti olduğunu bildirərək bir daha üzr istəyib.


Zərərçəkənin hüquqi varisi Eldəniz Fərəcov təqsirləndirilən şəxsdən özünü təqsirli bilmədiyi halda niyə üzr istədiyini soruşdu. Təqsirləndirilən isə videonun yanlış anlaşıldığı üçün üzr istədiyini bildirdi. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan etdi. İttihama görə, bu şəxslər qabaqcadan əlbir olaraq Xiyabana gəliblər. Onlar zərərçəkən kimi tanınmış üç şəhidin məzarına gələrək şəkillərinə qeyri-etik hərəkətlər edib, məzarların üzərindəki gülləri dağıdıblar. Zərərçəkənlər təqsirləndirilən şəxsləri bağışlamadılar. Eldəniz Fərəcov qohumunun xalqın şəhidi olduğunu vurğulayıb. Digər zərərçəkən isə xadimədən öyrəndiyinə görə, onların qardaşının məzarındakı gülləri dağıtdıqlarını deyib. Bağban Tərlan Mənsimov şahid kimi ifadə verərkən, təqsirləndirilən şəxslərin məzarın qarşısında oynadığını gördüyünü təsdiqlədi. Digər iki təqsirləndirilən də oxşar ifadələr verdi, videonu çəkən Alghabr Mahdi Mohammad heç bir qeyri-etik hərəkət etmədiyini söylədi.


Bu hadisə ilə bağlı araşdırmalar avqustun 17-də başlamışdı. Müəyyən edilmişdi ki, əcnəbilər avqustun 13-də Bakıya turist kimi 5 günlük gəlmişdilər və çəkdikləri videonu sosial şəbəkələrdə yaymışdılar. Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi açılıb. Təqsirləndirilən şəxslər elan olunmuş ittihamla özlərini təqsirli bilmirlər. Məhkəmə digər şahidlərin iştirakını təmin etmək üçün dekabrın 4-nə təxirə salındı.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: