Son 3 ildə bir sıra dövlət qurumlarında istifadə edilən “CloudFlare” kimi trafikin xaricə daşınması halı dayandırılıb - XRİTDX

20.11.2025 07:26 3 baxış sayı 4 dəq. oxuma Trend
Son 3 ildə bir sıra dövlət qurumlarında istifadə edilən “CloudFlare” kimi trafikin xaricə daşınması halı dayandırılıb - XRİTDX

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) baş idarə rəisinin müavini Tural Məmmədov “Kibertəhlükəsizlik Günü” tədbirində çıxış edərkən rəqəmsal suverenliyin təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. O, "Proxima" kimi böyük potensiala malik olan şirkətlərin yerli məhsulların yaradılması ilə ölkənin rəqəmsal suverenliyinə dəstək olmaq məqsədini qarşılarına qoymalı olduğunu bildirib. Bu məqsəd həm də ölkə Prezidentinin imzaladığı İnformasiya Təhlükəsizliyi Strategiyası ilə dövlətin qarşısına qoyduğu əsas vəzifələrdən biridir.


Məmmədov yerli məhsulların yaradılmasının və rəqəmsal suverenliyin nə qədər vacib olduğunu yaxın günlərdə baş verən insidentlə əlaqələndirib. O qeyd edib ki, 9000-dən çox ölkə saytının fəaliyyətinin dayanmasına səbəb olan hadisəyə sadəcə bir "Cloudflare" problemi kimi baxmaq düzgün deyil. Bu vəziyyət xüsusilə özəl sektorun xaricdən asılılığının ən açıq nümunəsi idi. Fəaliyyətini dayandıran resursların içində media ehtiyatlarının xüsusi çəkisinin olması bizi informasiya müharibəsinə hazırlıq səviyyəmizi daim nəzarətdə saxlamağa işarədir. Məmmədov vurğulayıb ki, lokal mühafizə həlləri bəzən baha başa gəlsə də, dövlətin uğurlu siyasətinin davamı olaraq informasiya təhlükəsizliyi siyasətində yerli həllərə üstünlük vermək və mühafizəni yerli şəkildə təmin etmək prioritet istiqamətlərdəndir.


XRİTDX rəsmisi, son üç ildə rəqəmsal təhlükəsizlik sahəsində mühüm nailiyyətlərin əldə edildiyini bildirib. Məsələn, son 3 ildə bəzi dövlət qurumlarında istifadə edilən "CloudFlare" kimi xaricə trafik daşınması halları qurum tərəfindən dayandırılıb. Həmin trafikin mühafizəsi artıq AzStateNet üzərindən təmin olunur. Ümumilikdə isə, son üç il ərzində 457 dövlət obyektinin şəbəkə təminatı AzStateNet üzərinə keçirilib və onların yerli mühafizəsi təmin edilib. Bu mühafizə siyasəti təkcə internet informasiya ehtiyatları ilə məhdudlaşmır, eyni zamanda xüsusi dövlət rabitəsinə də aiddir. Bu yanaşma sayəsində qlobal internetə çıxışda hər hansı problem yaşansa belə, bütün dövlət informasiya ehtiyatları lokal olaraq öz işini davam etdirəcək.


Ölkənin kritik infrastrukturlarının təhlükəsizliyi üçün də ciddi addımlar atılıb. Bütün güc strukturlarını və kritik infrastukturları təmin edən xüsusi radiorabitə vasitələri heç bir mobil şəbəkədən asılı olmadan, bütün ölkə ərazisində tam fəaliyyət göstərir. Bundan əlavə, dövlət qurumlarına təqdim edilən TİMS tətbiqi "Whatsapp" kimi xarici aplikasiyalara alternativ kimi istifadə olunur və bu da xarici asılılığı minimuma endirir. Məmmədov qeyd edib ki, yerli şirkətlərin inkişafı təkcə onlara yox, həm də ümumi ekosistemin inkişafına təkan verir. Bu inkişaf dövlət qurumlarının təhlükəsizliyi üçün atılan addımlara dolayı yolla böyük təsir göstərir.


A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: