STM: Azərbaycanda beyin köçü əsas narahatlıq doğuran məsələlərdən biridir

03.12.2025 06:37 8 baxış sayı 2 dəq. oxuma Report
STM: Azərbaycanda beyin köçü əsas narahatlıq doğuran məsələlərdən biridir

Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycanda elmi sahədə mövcud olan əsas problemlərdən danışıb. STM İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, beyin köçü ölkədə əsas narahatlıq doğuran məsələlərdən biridir.


O, bu fikirləri STM-in Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı ilə əlaqədar təşkil etdiyi "Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər" mövzusundakı dəyirmi masada səsləndirib. Z. Oruc narahatlıq doğuran daha bir halı da qeyd etdi: ölkədə qalaraq "beyin köçünə" uğramaq riski. Sosial Tədqiqatlar Mərkəzinin 2024-cü ildə elmi müəssisələrdə apardığı sosioloji tədqiqat bu vəziyyəti təsdiqləyir.


Tədqiqatın nəticələrinə əsasən, intellektual miqrasiya (beyin köçü) 39.7% ilə ən çox qeyd edilən problem olub. Həmçinin, kadr məsələləri və karyerada yüksəliş imkanları (38.9%) əsas çətinliklər sırasında yer alır. Alimin cəmiyyətdəki imici (34.6%) də vacib problemlərdən biri kimi göstərilib.


Zahid Oruc elmin maliyyələşməsi məsələsinə də toxunub. O, Azərbaycanı ərazi və əhalisinə görə eyni olan Avstriya ilə müqayisə edib. Avstriyada 2024-cü ildə elm xərcləri 16 milyard avro təşkil edib; bu, Ümumi Daxili Məhsulun (ÜDM) 3.4 faizidir və rekord göstəricidir. Azərbaycan isə ÜDM-nin yalnız 0,3-0,5 faizini elmə sərf edir. Ümumilikdə qiymətləndirilsə, elm büdcəsində illər üzrə müsbət dinamika mövcud olub. Məsələn, 2020-ci ildə elm xərclərinə 193 milyon manat ayrılıb. Baxmayaraq ki, əvvəlki illərdə Elmin İnkişaf Fondu tərəfindən bəzi maliyyənin xərclənməyib geri qaytarılması geniş müzakirə yaradıb, Oruc vurğulayıb ki, elmin inkişafında maddi-maliyyə məsələsini, insan və düzgün idarəçilik amilindən ayırıb mütləqləşdirməyin əsası yoxdur. Bu amillərin hər üçü elmin gələcəyi üçün həlledici rol oynayır.


F
Təhsil müxbiri

Təhsil sistemi və təhsil islahatları haqqında yazıram. Müəllim kimi işlədikdən sonra bu sahədə jurnalist oldum.

Bütün məqalələrə baxın
Paylaş: