Tarixin noyabr dərsləri: Hərbi paradın verdiyi mesajlar – ŞƏRH

10.11.2025 11:38 8 baxış sayı 5 dəq. oxuma Report
Tarixin noyabr dərsləri: Hərbi paradın verdiyi mesajlar – ŞƏRH

Azərbaycanın Vətən müharibəsində Qələbəsinin beşinci ildönümü münasibətilə keçirilmiş hərbi parad hələ uzun müddət müzakirə ediləcək. Bu, təkcə bayram tədbiri deyil, ölkənin hərbi-siyasi gücünü göstərən tarixi hadisədir. Paradda Türkiyə Prezidenti və Pakistan Baş nazirinin iştirakı Azərbaycanın bu iki qardaş ölkə ilə olan strateji əlaqələrinin dəyişməz olduğunu təsdiqləyir. Bir sıra digər ölkələrin ordu rəhbərlərinin iştirakı və dövlət başçılarının təbrik məktubları da göstərdi ki, Azərbaycanın yaratdığı yeni regional reallıqlar bölgə üçün vacib əhəmiyyət daşıyır. 2025-ci il noyabrın 8-də keçirilən parad həm də rəsmi Bakının qalibiyyətdən sonra arxayınlaşmadığını, əksinə, müdafiə potensialını gücləndirməyi əsas prioritet saydığını nümayiş etdirdi.


Qələbəyə gedən yol uzun və çətin idi. 1988-ci ildən başlayaraq, azərbaycanlılar Ermənistandakı ata-baba yurdlarından qovuldu, Qarabağda isə aqressiv erməni separatçılığı etnik təmizləməyə keçdi. 1990-cı illərdə müstəqilliyini elan edən Azərbaycan vəhdətli hərbi rəhbərliyin olmaması və siyasi çəkişmələr ucbatından torpaqlarının 20%-ni itirdi. Yalnız xalqın tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Ümummilli Lider Heydər Əliyev əvvəlcə vətəndaş müharibəsini, sonra isə Ermənistanla müharibəni dayandıra bildi, siyasi sabitliyi bərpa etdi. Bundan sonra dövlət və ordu quruculuğunun təməli qoyuldu. Lakin beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan sülh danışıqları illər keçdikcə yalnız işğal faktının qorunmasına xidmət edən imitasiya xarakteri daşıdı. Prezident İlham Əliyev bildirib ki, uzun müddət davam edən danışıqların nəticəsi sıfır oldu, çünki Ermənistan könüllü olaraq bir qarış torpağı belə azad etmək fikrində deyildi.


Belə olan halda yeganə ümid Azərbaycanın iqtisadi və hərbi gücünə qaldı. Rəsmi Bakı işğalla heç vaxt barışmayacağını bəyan etdi və 2020-ci ilin payızında Ermənistan ordusunun təxribatlarına cavab olaraq 44 günlük Zəfər yürüşünü həyata keçirdi. Beynəlxalq güclər müharibə boyu Bakını dayandırmağa çalışsa da, Azərbaycan bütün təzyiqlərə baxmadan öz torpaqlarını işğaldan azad etdi. Ölkə, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Prezident Əliyev qeyd edib ki, Ermənilər vaxtilə yeni müharibə ilə hədələyir, tanklarının Bakı küçələrində olacağını deyirdilər. Əslində, bu arzular həyata keçdi; onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir, hərbi cinayətkarları isə Bakıda məhkəmə qarşısında cavab verirlər. Bu sözlər revanşistlərə aydın xəbərdarlıqdır ki, müasir güclü Azərbaycanı 90-cı illərin zəif dövləti ilə səhv salmasınlar. Azərbaycan 2023-cü ilin sentyabrında da dövlət suverenliyini bərpa edərkən təkbaşına hərəkət etmiş, sadəcə qardaş Türkiyənin və dost Pakistanın mənəvi-siyasi dəstəyini görmüşdür.


44 günlük Zəfər yürüşü hərb tarixinə yazılan fərqli təcrübələrlə yadda qaldı. İndi bu təcrübə XXI əsrin savaş nümunəsi kimi aparıcı ordular tərəfindən araşdırılır. 2025-ci il paradı isə Azərbaycanın müdafiə qabiliyyətini daha da gücləndirdiyini göstərdi. Paradda Azərbaycan ordusunun silahlanmaya yeni qəbul etdiyi hərbi texnikanın nümayişi diqqət mərkəzində idi. Bura JF-17 çoxməqsədli qırıcı təyyarələri, yeni nəsil "IceBreaker" qanadlı raketləri, "Predator Hawk" raketləri və milli müdafiə sənayesinin "Vikinq" hava hədəflərinə qarşı mobil kompleksini aid etmək olar. Xüsusi diqqət çəkən məqam Silahlı Qüvvələrin sıralarında xüsusi təyinatlıların sayının artırılması idi. Əgər 44 günlük müharibədə şəxsi heyət 2000 nəfəri keçmirdisə, paradda 4000 peşəkar XTQ mənsubunun keçidi görüldü. Parad, əsas nailiyyətləri göstərmək və sülhə təhdid yaradanlara xəbərdarlıq vermək üçün ən uyğun formatdır. Rəsmi Bakının yeganə hədəfi sülhdür və hərbi qüvvələr bu sülhün və təhlükəsizliyin etibarlı təminatçısıdır.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: