Təbrizdə Zəfər Günü ilə bağlı tədbir keçirilib

07.11.2025 18:47 4 baxış sayı 4 dəq. oxuma Report
Təbrizdə Zəfər Günü ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu 8 noyabr - Zəfər Günü münasibətilə rəsmi tədbir keçirib. Tədbir İran İslam Respublikasının Təbriz şəhərində, Baş Konsulluğun inzibati binasında baş tutdu. Mərasimə başlamazdan əvvəl, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir zamanı 8 noyabr Zəfər Gününə həsr edilmiş film göstərildi, eyni zamanda fotolardan ibarət sərgi nümayiş etdirildi.


Bu mərasimdə İİR Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin əməkdaşı cənab Behnam Məlikpur, Türkiyənin Təbrizdəki Baş Konsulunun vəzifəsini icra edən Abdullah Dağ və Baş Konsulluğun əməkdaşları iştirak edirdi. Həmçinin, Təbrizdə yaşayan Azərbaycan Respublikası vətəndaşları, onların ailə üzvləri və Tərbriz şəhərində yerləşən Azad İslam Universitetinin azərbaycanlı tələbələri də tədbirə qatıldılar. Təbrizdə keçirilən bu rəsmi mərasim Zəfər Gününün əhəmiyyətini bir daha ön plana çıxardı. Baş konsul Rəşad Abdullayev tədbir iştirakçılarını salamlayaraq çıxış etdi, bu möhtəşəm və şərəfli günü bizə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə möhkəm cansağlığı arzuladı.


R. Abdullayev bildirdi ki, bu günü bizim üçün doğmalaşdıran və müqəddəsləşdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Silahlı Qüvvələrimiz torpaqlarımızı düşmən tapdağından azad etdi. Xalqımızın qəhrəman övladları silaha sarıldı və ana torpağın müdafiəsinə qalxdılar. Onlar qanları və canları bahasına müqəddəs Zəfərin notlarını dövlətçilik tariximizin şərəf kitabına yazdılar. Baş konsul vurğuladı ki, 2020-ci il 8 noyabr tarixində Azərbaycan hərbçiləri Qarabağın baş tacı hesab olunan Şuşadan düşməni qovub çıxardılar, beləliklə xalqımızın tarixinə ən parlaq qələbələrdən biri yazıldı. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 8 noyabr Zəfər Günü elan edildi. O, həmçinin xatırlatdı ki, 2021-ci il yanvarın 14-də dövlət başçısı Şuşa şəhərində Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaltmışdı.


R.Abdullayev çıxışında 44 günlük Vətən müharibəsi ilə Azərbaycan xalqının təkcə şərəfini və milli qürurunu bərpa etmədiyini, eyni zamanda beynəlxalq hüququ və ədalətin müdafiəsinə qalxdığını söylədi. O qeyd etdi ki, Azərbaycan xalqının Zəfəri döyüş meydanında qazanılması bütün dünyaya heç bir təcavüzkar qüvvənin xalqın birliyi qarşısında dayana bilmədiyini göstərdi. Baş konsul hər zaman olduğu kimi, "Eşq olsun bu birliyi və Zəfəri qazandıran Müzəffər Ali Baş komandana" deyərək, qazanılan tarixi Zəfərin bütün region ölkələri üçün uzun müddət sülh şəraitində yaşamaq və əməkdaşlıq etmək şansı yaratdığını vurğuladı. O, çıxışını Prezident İlham Əliyevin dərin məzmunlu nitqindən bir parça ilə bitirdi. Ali Baş komandan demişdir: "2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına vacib töhfədir."


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: