Tenderlə ayrılan pulları ehtiyacları üçün xərcləyən şəxslərə hökm oxunub

28.10.2025 08:36 11 baxış sayı 3 dəq. oxuma Trend
Tenderlə ayrılan pulları ehtiyacları üçün xərcləyən şəxslərə hökm oxunub

Təxminən 300 şirkətə rəhbərlik etmiş iş adamı Mehman Alməmmədov və onunla birlikdə ittiham olunan İlahim Mehralıyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bu prosesdə hökm oxundu. Məhkəmə qərarına əsasən, təqsirləndirilən Mehman Alməmmədov 10 il 3 ay, İlahim Mehralıyev isə 14 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, bu şəxslər dövlət büdcəsindən tenderlər yolu ilə ayrılan vəsaiti şəxsi ehtiyaclarına xərcləyiblər. Məhkəmə onları xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə təqsirli bildi.


İstintaq Mehralıyev İlahim Ərəstun oğlu, Alməmmədov Mehman Allahverdi oğlu və şəxsiyyətləri araşdırılan digər şəxslərin cinayət əlaqəsinə girdiyini müəyyən etdi. Onlar 2017-2019-cu illər ərzində rəhbərlik etdikləri fəaliyyətsiz şirkətlərə dövlət müəssisələri tərəfindən satınalma təyinatı ilə köçürülmüş 1 milyon manatdan artıq pulu mənimsəyiblər. Cinayət yolu ilə əldə etdikləri bu pul vəsaitini leqallaşdırmaq üçün qanuni görüntü yaratmaq məqsədilə formal müqavilələr bağlayırdılar. Təqsirləndirilən şəxslər vəzifəli şəxslərlə əlbir olaraq, tenderlər vasitəsilə dövlət büdcəsindən ayrılan pulları Türkiyədə işləyən şirkətlərə köçürərək külli miqdarda pulu leqallaşdırmışdılar.


Mehman Alməmmədov və İlahim Mehralıyev Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurdu. Lakin hökmə əsasən, təqsirləndirilən şəxslərə CM-in 193-1.3.2-ci maddəsi ilə bəraət verildi. CM-in 313-cü (vəzifə saxtakarlığı) maddəsi üzrə isə cəza təyin edilmədi, çünki məsuliyyətə cəlb etmə müddəti bitmişdi. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.


İş adamı Mehman Alməmmədov Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində və fərqli Ərazi Vergilər Baş İdarələrində qeydiyyatda olan bir çox, o cümlədən “Caspi LTD” MMC, “OCEAN-2017” MMC, “Klassik Trade Group" MMC, “Grand Star” MMC kimi şirkətlərin faktiki rəhbəri idi. Onun başqa şəxslərlə birgə idarə etdiyi 16 müəssisə üzrə aparılan istintaq zamanı məlum oldu ki, onlar xüsusilə külli miqdar təşkil edən 1 milyon 597,7 min manat vəsaiti dövlət büdcəsinə ödəməkdən yayındırıblar. Mehman Allahverdi oğlu Alməmmədov və İlahim Ərəstun oğlu Mehralıyev dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunurdu.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: