UNEC-də Zəfər Gününün 5 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib (FOTO)

07.11.2025 11:57 9 baxış sayı 4 dəq. oxuma Trend
UNEC-də Zəfər Gününün 5 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib (FOTO)

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Vətən müharibəsində əldə edilən tarixi Zəfərin 5 illiyi münasibətilə təntənəli tədbir təşkil olunub. Bu xüsusi günə həsr olunan mərasimdə UNEC kollektivi ilə yanaşı, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, qazilər və digər dəyərli qonaqlar iştirak ediblər. Rəsmi hissə başlamazdan əvvəl, tədbir iştirakçıları UNEC-in şəhid olmuş tələbə və məzunlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etdilər. Onlar abidənin önünə gül dəstələri düzüb, qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad etdilər.


Tədbirin açılışında UNEC rektoru, professor Ədalət Muradov çıxış etdi. O, 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbənin Azərbaycan tarixinin ən parlaq və şərəfli səhifələrindən biri olduğunu vurğuladı. Rektor qeyd etdi ki, bu Zəfərlə Azərbaycan sadəcə torpaqlarını azad etmədi, həm də xalqımızın sarsılmaz iradəsini, milli qürurunu və əzmini bütün dünyaya nümayiş etdirdi. Ədalət Muradov bu tarixi qələbənin mənəvi müəllifi və memarının Ümummilli Lider Heydər Əliyev olduğunu bildirdi. Onun uzaqgörən siyasətinin təməlində duran milli ideologiya, dövlətçilik fəlsəfəsi və güclü ordu quruculuğu Azərbaycanın Zəfər yolunu möhkəm əsaslar üzərində qurdu. Rektor əlavə etdi ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqımızın və dövlətimizin taleyində əvəzolunmaz rol oynayır. O, şəhidlərin qanını və qazilərin fədakarlığını bu qələbənin qiyməti adlandırdı, onları Vətənin əbədi qəhrəmanları saydı. Muradov Zəfərdən keçən 5 ildə Azərbaycanın bütövlük və yüksəliş mərhələsinə qədəm qoyduğunu da qeyd etdi. Azad edilmiş torpaqlarda böyük quruculuq və sülhün qələbəsi yaşanır; Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işləri Azərbaycanın qürur xəritəsidir.


Rəsmi hissədə həmçinin digər qonaqlar da çıxış etdilər. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) general-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Babək Qurbanov, Ali Baş Komandanın rəhbərliyi və Silahlı Qüvvələrin qəhrəmanlığı sayəsində qazanılan qələbədən söz açdı. O, DSX-nin qarşıya qoyulan bütün döyüş tapşırıqlarını müharibə zamanı uğurla icra etdiyini və sərhədçilərin əsl qəhrəmanlıq göstərdiklərini dedi. Şəhid UNEC məzunu Vidadi Zalovun atası Nizami Zalov isə şəhidlərin və qazilərin fədakarlığı ilə Azərbaycanın 30 illik torpaq həsrətinə son qoyulduğunu vurğuladı. O, qalib dövlətin qalib vətəndaşı olmaqdan böyük qürur duyduğunu dilə gətirdi. Vətən müharibəsi qazisi, UNEC tələbəsi Rəşad İmranov da Zəfər yolundan və həmin günlərin unudulmaz qəhrəmanlıq səhifələrindən danışdı. Rəşad İmranov həmin ruh yüksəkliyinin bu gün də gənc nəsil üçün örnək olduğunu bildirdi. Rəsmi hissədən sonra UNEC Yaradıcılıq Mərkəzinin üzvləri “Qələbəyə aparan yol” adlı bədii kompozisiya təqdim etdilər. Tədbir sonda Müdafiə Nazirliyinin Heydər Əliyev adına Hərbi İnstitutunun orkestrinin təqdim etdiyi təntənəli konsert proqramı ilə başa çatdı. Hərbi dirijor kapitan Müşfiq Sultanov orkestrə rəhbərlik edirdi.


G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: