🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Gənc bəstəkarın Şuşa təəssüratı

29.10.2024 10:10 25 baxış sayı 4 dəq. oxuma
Gənc bəstəkarın Şuşa təəssüratı

Bir həftə əvvəl, 14 - 15 oktyabr tarixlərində Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubiley tədbiri ilə əlaqədar İttifaqın üzvləri ilə birlikdə Şuşaya ilk dəfə səfər etdim. Bu səfər yaddaşımda unudulmaz bir iz buraxdı. Azərbaycan mədəniyyətinin beşiyi olan bu qədim şəhəri ziyarət etmək mənim üçün həm böyük qürur, həm də hüzn mənbəyi oldu. Uzun illər düşmən tapdağı altında qalan, tarixi məkanları və mədəni irsi məhv edilən Şuşanın yenidən dirçəldiyini, gözəlləşdiyini görmək insanı qürurlandırır. Şuşanın füsnkar təbiəti adamı valeh edirdi... Bununla yanaşı, o yerlərdə olmaq keçmişin acı xatirələrini yenidən canlandırdı.

Şuşaya doğru gedən yolları keçərkən, Qarabağın hər bir guşəsi məndə kədər ilə yanaşı qürur hissi də yaşatdı. Ağdam, Xocalı, Əsgəran, Xankəndi... adları yaddaşımda tariximizin ağrılı və eyni zamanda, şanlı səhifələrini oyatdı. Ağdamın dağılmış, boş küçələri, Xocalının iztirab dolu xatirəsi, Əsgəranın və Xankəndinin qəlbimizdə qalan acısı - bunların hamısı xalqımızın illərlə yaşadığı ağır mübarizənin nişanələridir...

Bu torpaqlarda bizim igid əsgərlərimiz döyüşüb, qəhrəmancasına şəhid olublar. Xüsusilə, Xocalıya daxil olduğum an qəlbim sızladı, kövrəldim. Həmin yerdə yaşanan faciə, insanlıq dramı və günahsız insanların qətliamı sanki gözlərimin önündə bir lent kimi canlandı. . Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. çünki məhz onların fədakarlığı sayəsində biz bu torpaqlara qayıda bilmişik, yenidən ayaq basmışıq. Bu hisslər mənə təkcə tariximizi deyil, həm də bir millət olaraq gücümüzü və iradəmizi xatırlatdı. Tarixin ən kədərli və ən şərəfli anlarını yaşayan bu ərazilər indi dirçəlir, bərpa olunur, əsl sakinlərinə qucaq açır. Bu dirçəlmə xalqımızın birliyini və məğrurluğunu simvolizə edir.

Şuşa səfərim zamanı mənim üçün ən yaddaqalan məqamlardan biri Üzeyir Hacıbəyovun ev-muzeyini ziyarət etmək oldu. Muzey bərpa olunub, əla vəziyyətdədir. Dahi bəstəkarın doğulub-böyüdüyü evdə olmaq mənim üçün xüsusi bir hiss idi. Muzeydə böyük bəstəkarın həyatına və yaradıcılığına aid çoxsaylı eksponatlar, fotoşəkillər nümayiş etdirilirdi. Bu ev-muzey yalnız Üzeyir bəyin xatirəsini yaşatmır, eyni zamanda Azərbaycan musiqi mədəniyyətinin köklərinin dərinliyini göstərir. Orada keçirdiyim anlar mənə Şuşanın təkcə memarlıq və tarixi ilə deyil, həm də musiqisi ilə necə zəngin olduğunu bir daha xatırlatdı. Bu məkan həmçinin Üzeyir Hacıbəyovun musiqisinin və yaradıcılığının Şuşa ilə necə sıx bağlı olduğunu nümayişinin sübutudur.

Dahu bəstəkarın ev-muzeyindən sonra ziyarət etdiyim digər xüsusi məkan isə Bülbülün ev-muzeyi oldu. Burada xanəndəmizin səhnə geyimlərini, şəxsi əşyalarını və onun həyatını əks etdirən fotoşəkilləri görmək mümkün idi.

Xülasə, Şuşaya ziyarət mənim üçün dərin mədəni dəyərlərin yenidən kəşfi oldu. Təəssüf ki, bu dəfə Şuşada az gəzə bildim. Şəhərin gözəlliklərini tam kəşf etməyə vaxtımız çatmadı, amma hər anı unudulmaz idi. Ümid edirəm ki, növbəti səfərimdə bu qədim şəhəri daha çox gəzib, daha dərindən hiss etmək imkanım olacaq...

Növbəti görüşlərədək, Şuşa!

Vəfa Bağırzadə

Paylaş: