
Azərbaycan güləşçiləri Xorvatiyada daha iki medal qazanıblar

Azərbaycan güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq xarakterli turnirdə daha iki medal qazanıblar.
Bu barədə Metbuat.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Bu gün daha 7 güləşçimiz “Zaqreb Open” turnirində mübarizə aparıb.
Qadın güləşində 57 kq-da cəmi 2 iştirakçı yer aldığı üçün Jalə Əliyeva birbaşa finalda güləşib. Həmyerlimizin amerikalı Cakarra Vinçesterlə görüşü dramatik alınıb. İlk hissədən sonra 0:7 hesabıyla geridə olan Əliyeva əzmkarlıq nümayiş etdirərək fərqi 3 xala endirib. Jalə Əliyeva son anda 4 xallıq fəndi icra etsə də, hakimlər vaxtın bitdiyini əsas gətirərək həmin fəndi qeydə almayıb. Beləliklə, rəqibinə 4:7 hesabıyla məğlub olan J.Əliyeva gümüş medalla kifayətlənib.
Böyüklər arasında debüt edən Zəhra Kərimzadə (72 kq) dairəvi sistem üzrə baş tutan mübarizədə fransalı Paulin Lekarpenyeyə (0:3), xorvatiyalı Veronika Vilkə (2:6), amerikalı Skilar Grota (0:10) və macarıstanlı Noemi Naqiyə (1:10) uduzub.
Yunan-Roma güləşi üzrə 77 kq-da 3 təmsilçimiz xalçaya çıxıb. Ölkə çempionu Davud Məmmədov debütdə moldovalı Aleksandru Soloveyə 0:3 hesabıyla məğlub olub. Daha təcrübəli Xasay Həsənlli 1/8 finalda rusiyalı Sergey Stepanova minimal fərqlə yenilib – 6:7. Bu çəkidə millinin lideri sayılan Sənan Süleymanov serbiyalı Aleksa İliçə sonuncu xal prinsipinə əsasən (1:1), macarıstanlı Robert Frişə isə 7:1 hesabıyla qalib gəlib. Ancaq 1/4 finalda S.Stepanovla bacarmayıb – 0:4.
Sergey Stepanov finala yüksəldiyi üçün güləşçilərimiz təsəlliverici görüşə vəsiqə qazanıb. Xasay Həsənlli ilk təsəlliverici görüşdə finlandiyalı Conni Sarkkinenə tam üstünlüklə (14:5) qalib gəlib. Ancaq daha təcrübəli S.Süleymanov X.Həsənlini vaxtından əvvəl məğlub edib – 8:0. Sənan bürünc medal uğrunda rusiyalı Sergey Kutuzovla güləşib və 1:3 hesabıyla uduzub.
İslam Abbasov (87 kq) özbəkistanlı Jalqasbay Berdimuratovu 4:3 hesabıyla, macarıstanlı İştvan Takaçı isə sonuncu xal prinsipinə əsasən (3:3) mübarizədən kənarlaşdırıb. 1/4 finalda danimarkalı Turpal Ali Bisultanova 0:4 hesabıyla məğlub olan Abbasov qazaxıstanlı İslam Yevloyev təsəlliverici görüşdə iştirak etmədiyi üçün birbaşa bürünc medal uğrunda güləşmək hüququ qazanıb. İslam Yevloyev axşam seansında rusiyalı Milad Alirzayevlə mübarizə aparıb. Qarşılaşmanın əvvəllərində 0:5 hesabıyla geri düşən İ.Abbasov əzmkarlıq nümayiş etdirərək geridönüş edib və sonuncu xal prinsipinə əsasən (5:5) bürünc medala sahibi çıxıb.
Bu çəkidəki digər təmsilçimiz Rafiq Hüseynov ilk mərhələdə serbiyalı Aleksandr Komarova 3:5 hesabıyla məğlub olub.
Oxşar xəbərlər

Azərbaycan Güləşçiləri Dünya Çempionatında 8 Medal...
Bugun.az

Yunan-Roma güləşçiləri Gimnaziadanı 10 medal qazan...
Bugun.az

Azərbaycan güləşçiləri Bolqarıstanda iki medal qaz...
Bugun.az

Azərbaycan Paracüdoçuları Gimnaziadada 8 Medal Qaz...
Bugun.az

Azərbaycan Atleti Avropa Birinciliyində Qızıl və G...
Bugun.az

Azərbaycan güləşçiləri daha iki medal qazandı
Bugun.az