🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bakıda bu ərazilər söküləcək

15.07.2025 18:25 1 baxış sayı 4 dəq. oxuma
Bakıda bu ərazilər söküləcək

Bakının bəzi ərazilərində köhnə və qəzalı binaların sökülməsi nəzərdə tutulur. Bu, şəhərin Baş Planına uyğun olaraq mərhələli şəkildə həyata keçiriləcək. Bəs hansı ərazilərin sökülməsi planlaşdırılır?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc Metbuat.az-a açıqlamasında bildirib ki, ilk növbədə qəzalı binalar söküləcək.

“Hansı ki, bu binalar Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən birgə müəyyən olunub və onlar barədə akt tərtib edilib. Yəni artıq bu binalar qəzalı hesab olunur və istismara yararlı deyil. Bundan sonra ömrünü başa vurmuş binaların söküntüsünə başlanılacaq. Məsələn, ötən əsrin əvvəllərində tikilmiş, “fəhlə kombinatı” və ya “fəhlə binaları” adlandırılan tikililər üç mərhələdə söküləcək. Həmçinin birmərtəbəli, ikimərtəbəli və üçmərtəbəli köhnə tikililər də söküləcək. Bu proses mərhələli şəkildə aparılacaq və binalar istismar müddətinə uyğun olaraq əvəz olunacaq”.

V.Oruc qeyd edib ki, konkret hansı ərazilərdə söküntü işlərinin aparılacağı Bakı şəhərinin Baş Planında göstərilib:

“Hazırda Yasamal rayonunun ərazisində, keçmiş Sovetski adlanan ərazinin qalıq hissəsində söküntü işləri davam etdirilir. Bundan əlavə, Binəqədi, Sabunçu, Suraxanı, Xətai, Nərimanov və Səbail rayonlarında da söküntülər planlaşdırılıb. Hal-hazırda bu əraziləri əhatə edən qəzalı binaların söküntüsü və sakinlərin kompensasiya ilə təmin olunması prosesinə start verilib. Növbəti mərhələlər üçün isə hazırlıq işləri görülür. Bu proses birdəfəlik həll oluna bilməz, çünki həm kompensasiyaların verilməsi, həm də yeni binaların tikintisi və abadlaşdırma işləri böyük büdcə tələb edir. Ona görə də bütün bu işlər mərhələli şəkildə həyata keçiriləcək”.

Ekspert əlavə edib ki, söküntü aparılacaq küçələri öyrənmək üçün Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına və Baş Arxitektura və Şəhərsalma Komitəsinin verdiyi məlumatlara əsaslanmaq lazımdır:

“Məsələn, əgər hansısa ərazidən tramvay xəttinin keçməsi planlaşdırılıbsa və həmin xəttin üstündə evlər varsa, bu binalar söküləcək. Eyni zamanda, yeni metro xətlərinin çəkilməsi də nəzərdə tutulub – 26 stansiyadan 47-yə qədər artım planlaşdırılır. Yeni metro stansiyalarının tikintisinə maneə olan və ya bu ərazilərdə abadlıq işləri üçün əngəl sayılan binalar da söküləcək. Bundan əlavə, yol-nəqliyyat infrastrukturunun yenilənməsi və modernləşdirilməsi də Bakı şəhərinin Baş Planında nəzərdə tutulub. Bu plana uyğun olaraq yolların çəkilməsi, abadlıq və yaşıllaşdırma işlərinin aparılması, parkların salınması, istirahət məkanlarının təşkil olunması planlaşdırılır. Bu layihələrə mane olan köhnə binalar söküləcək və proses hissə-hissə, mərhələli şəkildə həyata keçiriləcək”.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: