
Bakıda universitet yataqxanasında qalmaq neçəyədir? - QİYMƏTLƏR

Tədris ilinin başlamasına sayılı günlər qalıb. Ali məktəblərdə təhsil alacaq tələbələri maraqlandıran əsas məsələlərdən biri də paytaxtdakı universitetlərin yataqxanalarıdır.
Metbuat.az mövzu ilə bağlı bir sıra ali təhsil müəssisələrinə sorğu ünvanlayıb.
Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Kəmalə Namazova sorğumuza cavab olaraq bildirib ki, BDU-nun Tələbə Evi 220 nəfərlikdir. Burada hər bir şərait var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir. Aylıq ödəniş isə 75 manatdır.
Azərbaycan Dillər Universitetindən (ADU) bildirilib ki, universitetin qızlar üçün yataqxanası var. Yataqxanada 205 tələbə yerləşə bilir. Yataqxanada aylıq ödəniş bir tələbə üçün qiymət isə 30 AZN təşkil edir.
Xəzər Universitetinin İctimai Əlaqələr və Media şöbəsinin direktoru Əlövsət Əmirbəyli qeyd edib ki, yataqxana 100 tələbə üçün nəzərdə tutulub. yataqxana universitetin tam yaxınlığında yerləşir. Qiymətlər otaqlara görə dəyişərək, 120-140 manat təşkil edir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev bildirib ki, universitetin Bakı şəhərində 5 tələbə yataqxanası var:
"Lakin bu yataqxanalardan 4-də ümumilikdə 1603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşıb. ADPU-nun 5 nömrəli yataqxanası isə universitetdə təhsil alan qız tələbələrə xidmət göstərir. Bu yataqxanada 200 nəfərədək xanım tələbə yerləşə bilər. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 AZN təşkil edir. Burada tələbələr bütün kommunal, internet xidmətləri, istirahət otaqları və s. ilə təmin olunur. Bütün otaqlar tam təmirlidir. Yataqxanaya, əsasən, sosial həssas qrupdan olan və əcnəbi xanım tələbələr qəbul olunur".
Azərbaycan Dövlət və Neft Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentindən Elnur Mədətoğlu qeyd edib ki, ADNSU-nun yataqxanası köhnə yataqxanadır:
"Əvvəlki illərlə müqayisədə yataqxanalarda xüsusi bir dəyişiklik yoxdur, amma gələcəkdə təmir olunması nəzərdə tutulub. Ancaq bu barədə hələ qərar verilməyib, böyük yataqxanadır və bir neçə korpusu var. Ümumilikdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yataqxanası 320 nəfərlikdir. Burada həm yerli, həm də əcnəbi tələbələr qalırlar, əcnəbi tələbələr adətən üstünlük təşkil edir. Yataqxana 2 və 3 nəfərlik otaqlardan ibarətdir. Bir otağın qiyməti 100 manatdır. 2 nəfər qaldıqda hər biri 50, 3 nəfər qaldıqda isə 34 manat vəsait ödəyirlər. Burada təkcə Azərbaycan Memarlıq və İnşaat Universitetinin deyil, digər universitetlərin tələbələri də ödəniş əsasında qalırlar. Yataqxana bütün zəruri şəraitlə təmin olunub".
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev isə bildirib ki, AzMİU ölkəmizdə ən böyük yataqxana komplekslərindən birinə malik ali təhsil müəssisəsidir:
"Təəssüf ki, 1990-cı illərin əvvəllərində Ermənistanın ölkəmizə hücumu nəticəsində məcburi köçkün düşmüş vətəndaşlarımız müxtəlif yataqxana və bu tipli binalarda yerləşdirilmişdi. Bu çərçivədə universitetin yataqxana kompleksinin 5 korpusundan 4-ü də məcburi köçkünlərin istifadəsinə verilmişdi. Uzun illər həmin binalar baxımsız və təmirsiz vəziyyətdə istismar olunduğundan hazırda qəzalı durumdadır. Buna görə də orada tələbələrin yerləşdirilməsi mümkün deyil. Bu binalar ya tamamilə yenidən tikilməli, ya da əsaslı təmir olunmalıdır. Yalnız bundan sonra tələbələrin istifadəsinə verilə bilər. Sözügedən kompleksdə yalnız bir korpus o vaxtdan bəri universitetin sərəncamında qalıb və tələbələrin istifadəsində olub. Son illərdə həmin bina əsaslı təmir edilərək yenidən tələbələrə təqdim edilib. Hazırda burada təxminən 450 tələbə yerləşdirilə bilir. Yataqxanada qalmaq üçün tələbələrdən aylıq 50 manat məbləğində simvolik ödəniş alınır. Bu vəsait təsərrüfat, kommunal, mühafizə və digər xərclərin qarşılanmasına sərf olunur. Universitetin əsas hədəflərindən biri şöhrətli yataqxana kompleksini tam gücü ilə yenidən tələbələrin istifadəsinə verməkdir. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi ilə birgə maliyyə axtarışları aparılır, dövlət proqramları, özəl təşkilatlar və xeyriyyə fondları vasitəsilə lazımi vəsaitin təmin edilməsi üçün işlər görülür".
Bakı Avrasiya Universitetinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ülkər Abdurahmanlı bildirib ki, Bakı Avrasiya Universitetinin 5 mərtəbəli “Tələbə Dünyası” yataqxanası tələbələr üçün müasir və komfortlu yaşayış şəraiti təqdim edir:
"2, 4, 5 və 6 nəfərlik dizayn olunan otaqlar tələbələrin gündəlik ehtiyaclarının qarşılanması üçün bütün standartlara cavab verir. Otaqlarda şəxsi əşyaların saxlanması üçün dolablar, yazı masası ,stul, yataq və yataq dəsti, kondisioner, mərkəzləşdirilmiş istilik sistemi, TV və yüksək sürətli internet mövcuddur. Həmçinin otaqların hər biri sanitar qovşağı və hamamla təmin olunub. Yataqxanada tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi və dərslərinə hazırlaşması üçün oxu zalları, tələbə yeməkxanası və camaşırxana fəaliyyət göstərir. 24/7 təhlükəsizlik xidməti ilə təmin olunan yataqxanada fasiləsiz isti və soyuq su təchizatı mövcuddur. Yataqxanada qiymətlər otaq növünə əsasən fərqlənir. Qiymət 150 manatdan başlayır".
Bakı Slavyan Universitetindən bildirilib ki, hazırda ali təhsil müəssisəsində əsaslı təmir işləri aparılır:
"Qarşıdan gələn tədris ilinə hazırlıq məqsədilə bütün tədris korpuslarında yenidənqurma və abadlıq işləri həyata keçirilir. Universitet rəhbərliyi diqqətini həm tədris prosesinin keyfiyyətinə, həm də tələbə və müəllimlərin rahatlığına yönəldib. Auditoriyalar, laboratoriyalar, kitabxana və inzibati otaqlar müasir standartlara uyğun şəkildə təchiz olunaraq, innovativ təhsil mühiti yaradılır. Bu işlər nəticəsində universitet həm lokal, həm də beynəlxalq səviyyədə təhsil keyfiyyətini artırmağı hədəfləyir".
Yataqxana ilə bağlı isə qeyd edilib ki, Bakı Slavyan Universitetinin tələbələri üçün rahat və hərtərəfli şərait təmin edən yataqxana fəaliyyət göstərir. Burada yerli tələbələrlə yanaşı, əcnəbi tələbələr də yüksək səviyyədə yaşayış şəraitindən faydalanırlar. Yataqxana həmçinin universitetin müxtəlif kafedralarının müəllimləri və inzibati heyət üzvləri üçün də yaşayış imkanları təqdim edir. Təhsil müəssisəsi, tələbələrinə və heyətinə göstərdiyi diqqət və qayğı ilə, onların həm təhsil, həm də gündəlik yaşam şəraitini maksimum dərəcədə komfortlu və təhlükəsiz etməyə çalışır.
Azərbaycan Texniki Universitetindən sorğumuza cavab olaraq bildirilib ki, AzTU-nun yataqxanasında qaçqın və məcburi köçkün ailələri məskunlaşıb:
"Son illər binalarda 124 ailə yaşayıb, lakin artıq 10 ailə işğaldan azad edilən ərazilərdə doğma yurdlarına qayıdıb. Qalan 114 ailə hazırda həmin binalarda yaşayır. Yataqxana kompleksi tamamilə yararsız vəziyyətə düşüb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yararsız hala düşüb. Qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxananın təmir olunması və ya sökülərək yenidən tikilməsi ilə bağlı qərar veriləcək. Daha sonra isə tələbələrin istifadəsinə veriləcək".
Ülkər Cəlilzadə / Metbuat.az
Oxşar xəbərlər

Bakıda Təhsil Forumu: "Tərəfdaşlıqdan Tərəqqiyə" D...
Bugun.az

Rubl neçəyədir?
Xəbər Anı

"Qalatasaray"ın istədiyi ulduz futbolçu qərarını v...
Bugun.az

Texniki Universitet və Peşə Məktəblərinin məzunlar...
Edumap.az Təhsil Portalı

Messi "Barselona"da qalmaq üçün-
İdman Xəbər

Bakıda universitet müəllimi vəfat etdi - FOTO
Bugun.az