🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bu ixtisaslara tələb artacaq

14.08.2025 12:25 1 baxış sayı 5 dəq. oxuma
Bu ixtisaslara tələb artacaq

Yaxın illərdə bir çox sahədə kadr tapmaq çətinləşə bilər. Bunun əsas səbəbi isə yeni nəsil mütəxəssislərin hazırlanma sürətinin əmək bazarının artan tələbatına çatmamasıdır.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Metbuat.az-a açıqlamasında bildirib ki, gələcəkdə kadr çatışmazlığı məsələsi, əslində, yalnız bu günün vəziyyəti ilə deyil, əmək bazarının uzunmüddətli inkişaf dinamikası ilə bağlıdır.

Onun sözlərinə görə, dünyada baş verən texnoloji sıçrayış, iqlim dəyişiklikləri, iqtisadiyyatın strukturunda müşahidə olunan yenilənmələr və qlobal əmək bölgüsündəki dəyişikliklər Azərbaycanda da kadr tələbatını ciddi şəkildə yenidən formalaşdıracaq:

“Əgər biz bu prosesi düzgün oxuya bilsək, gələcəyin ən vacib sahələrində boşluqları öncədən görüb, təhsil siyasətimizi ona uyğun qura bilərik. İlk növbədə, texnologiya yönümlü sahələr kəskin kadr çatışmazlığı yaşayacaq. Süni intellekt, maşın öyrənməsi, kibertəhlükəsizlik, proqram mühəndisliyi, robot texnologiyaları və məlumat analitikası kimi istiqamətlər artıq qlobal miqyasda strateji peşələr hesab olunur. Azərbaycanda da həm dövlət, həm özəl sektor sürətlə rəqəmsallaşdıqca bu bacarıqlara sahib mütəxəssislərə tələbat qat-qat artacaq. Bu, o deməkdir ki, yaxın illərdə yalnız proqramçılar deyil, həm də texnologiyanı idarə edən, onu biznes proseslərinə tətbiq edən menecerlər, layihə rəhbərləri, texniki təlimçilər kimi çoxşaxəli profillərə ehtiyac yaranacaq”.

Ə.Həsənli səhiyyə və təhsil sahəsini də istisna etməyib:

“Bir tərəfdən, dünya üzrə, o cümlədən Azərbaycanda əhali yaşlanır, digər tərəfdən, tibbi texnologiyalar və diaqnostika imkanları sürətlə inkişaf edir. Bu iki faktor nəticəsində həkimlərdən tutmuş tibb bacılarına, fizioterapevtlərdən psixoloqlara qədər geniş bir kadr spektrində çatışmazlıq müşahidə olunacaq. Xüsusilə də reabilitasiya mütəxəssisləri, psixoloqlar, psixi sağlamlıq üzrə peşəkarlar və yeni texnoloji avadanlıqları idarə edə bilən tibbi personal gələcəyin ən çox axtarılan ixtisaslı qüvvələri olacaq. Təhsil sahəsi də önəmli bir istiqamətdir. Təhsil sisteminin özü cəmiyyətin bütün digər sahələrinə kadr hazırlayan “əsas mərkəz”dir. Bu səbəbdən, gələcəyin əmək bazarına uyğun bilik və bacarıqları öyrədə bilən, texnologiyadan səmərəli istifadə edən, yaradıcı tədris metodlarına yiyələnmiş müəllimlərə böyük ehtiyac olacaq. Əgər bu gün müəllim çatışmazlığını aradan qaldırmaq üçün tədbirlər görməsək, 10-15 ildən sonra bu, birbaşa iqtisadiyyatın bütün sahələrinə təsir edəcək”.

Ekspert qeyd edib ki, iqlim dəyişikliyi və yaşıl enerji keçidi də yeni kadr bazarını formalaşdırır:

“Günəş, külək və digər alternativ enerji mənbələri üzrə ixtisaslaşmış mühəndislər, ekoloqlar, ətraf mühit mühafizəsi üzrə texniki personal və yaşıl infrastruktur layihələrini idarə edə bilən mütəxəssislər strateji əhəmiyyət qazanacaq. Bu, yalnız ekoloji deyil, həm də iqtisadi təhlükəsizlik məsələsidir. Nəticə etibarilə, gələcəyin kadr çatışmazlığı probleminin qarşısını almaq üçün bu gün ixtisas seçimindən başlayaraq təhsil proqramlarının yenilənməsi, peşə və bacarıq yönümlü təlimlərin artırılması, əmək bazarının ehtiyaclarını öncədən təhlil edən mexanizmlərin yaradılması vacibdir. Əks halda, sabah ehtiyac duyduğumuz mütəxəssisləri xaricdən gətirmək məcburiyyətində qala bilərik ki, bu da həm maliyyə, həm də milli inkişaf baxımından arzuolunan ssenari deyil. Biz gənclərimizi yalnız bu gün mövcud olan peşələr üçün deyil, hələ tam formalaşmamış, lakin gələcəkdə mütləq lazım olacaq sahələr üçün də hazırlamalıyıq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: