Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Ər-arvad bir-birinin maşınını idarə edə bilər? - RƏSMİ

04.11.2025 11:43 12 baxış sayı 3 dəq. oxuma Metbuat
Ər-arvad bir-birinin maşınını idarə edə bilər? - RƏSMİ

Ailəli cütlüklər tez-tez eyni avtomobili paylaşsa da, hüquqi baxımdan bir sual ortaya çıxır: ər və arvad bir-birinin maşınını problemsiz idarə edə bilərmi? Bunun üçün mütləq etibarnamə (vəkalətnamə) tələb olunur, yoxsa nikah haqqında şəhadətnamə kifayət edir? Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev bu məsələyə aydınlıq gətirib. O bildirib ki, “Yol hərəkəti haqqında” Qanuna əsasən, sürücülər nəqliyyat vasitəsinin sahibi olmadıqda, maşını yalnız icarə müqaviləsi, digər əşya hüquqlarına dair müqavilə, müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamə ilə idarə edə bilərlər.


BDYPİ rəsmisi həmçinin İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinə (“Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi”) istinad edib. Bu Məcəlləyə görə, “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, avtomobilin mülkiyyətçisi, yaxud etibarnamə və ya müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Başqa sözlə, qanunla müəyyən edilmiş sənədlərdən biri mütləq olmalıdır ki, kənar şəxs avtomobili idarə edə bilsin. Ər-arvad münasibətlərində isə məsələyə Konstitusiya Məhkəməsinin qərarı əsasında baxılır.


Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 24 iyul tarixli Qərarı bu mövzuda vacib detalı müəyyənləşdirir. Qərara əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin maşında olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (əgər ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi yoxdursa) qadağandır. Bu şərtlərə riayət edilmədiyi təqdirdə, İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyət yaranır. Beləliklə, ailə üzvləri nəqliyyat vasitəsini etibarnamə olmadan yalnız ümumi mülkiyyət hüququnu təsdiq edən sənəd olduqda sürə bilərlər.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: