Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Heydər Əliyevin tərcüməçisi buna görə qovulubmuş

19.11.2025 18:33 5 baxış sayı 3 dəq. oxuma Metbuat
Heydər Əliyevin tərcüməçisi buna görə qovulubmuş

1993-1999-cu illərdə mərhum dövlət başçısı Heydər Əliyevin köməkçisi və Prezident katibliyinin rəhbəri işləmiş Eldar Namazov dövlət çevrilişinə cəhddə ittiham olunan akademik Ramiz Mehdiyev barədə danışarkən bir sıra maraqlı məlumatlar açıqlayıb. Eldar Namazov müsahibəsində vaxtilə Ramiz Mehdiyevin təbliğatını aparmış bır sıra şəxslərin cəzalandırıldığını bildirib. Onun sözlərinə görə, cəzalandırılanlar arasında icra başçıları, eləcə də Prezident Aparatının keçmiş tərcüməçisi də olub.


Namazov deyib ki, "Hətta Prezident Aparatında belə təbliğat apardığına görə bir neçə adam cəzalandırıldı. Prezidentin tərcüməçisi vardı, sonra o, ölkəni tərk elədi." Eldar Namazov həmin tərcüməçinin adını çəkməsə də, yayılan məlumatlara görə o, uzun illər Heydər Əliyevin tərcüməçisi olmuş Rauf Hüseynovu nəzərdə tutub. Rauf Hüseynov Prezident Aparatında tərcüməçi kimi fəaliyyət göstərdiyi qısa müddətdə siyasi karyerasında irəliləyiş əldə etmişdi. Prezident Heydər Əliyev onu Xarici əlaqələr şöbəsinə müdir müavini vəzifəsinə qədər yüksəltmişdi.


Əslən Naxçıvandan olan Rauf Hüseynov 1990-cı illərin sonları - 2000-ci ilin əvvəllərində mərhum Prezident Heydər Əliyevin tərcüməçisi işləyib. Xarici Dillər Universitetinin məzunu olan R. Hüseynov vaxtilə Prezident Heydər Əliyevin mühüm xarici səfərlərində onu müşayiət edib. O, 1997-ci ildə Heydər Əliyev ABŞ-a çoxgünlük səfər edəndə onun yanında olub, həmin səfər zamanı Prezident Bill Klintonla görüşdə tərcüməçilik etmişdi. Lakin indi məlum olur ki, Ramiz Mehdiyevin təbliğatına qoşulması gənc tərcüməçinin siyasi karyerasının sonlanması ilə nəticələnib.


2000-ci illərin əvvəllərində Rauf Hüseynovun gözlənilmədən Prezidentin tərcüməçisi vəzifəsindən uzaqlaşdırılması və siyasət meydanından itməsi o zaman çoxlarında suallar doğurmuşdu. Bu hadisə yüksək siyasi çevrələrdə baş verən fikir ayrılıqlarının fərdi karyeralara necə təsir etdiyini göstərir. Rauf Hüseynov haqqında yayılan xəbərlərə görə, o, hazırda xaricdə yaşayır və biznes fəaliyyətilə məşğul olur.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: