Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

“İntellektual gənclər Azərbaycanın gələcəyidir” - Azad Manaflı

07.11.2025 19:44 5 baxış sayı 5 dəq. oxuma Metbuat
“İntellektual gənclər Azərbaycanın gələcəyidir” - Azad Manaflı

Azərbaycanın intellektual gəncliyi bu gün ölkənin strateji potensialının ayrılmaz hissəsidir. Bu sahənin təməli hələ 1989-cu ildə yaranmış "Atəşgah" İntellektual Oyunlar Klubu tərəfindən qoyulub. 2001-ci ildə isə ilk ana dilli intellektual təşkilat olan "Xəzər İntellektual Gənclər Klubu" milli düşüncəyə əsaslanan intellektual hərəkatın əsasını qoydu. "Xəzər" yalnız bir klub deyil, Azərbaycan gənclərinin milli intellekt məktəbi kimi fəaliyyət göstərir. Xəzər İntellektual Gənclər Klubunun sədri Azad Manaflı bu sahənin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri barədə danışdı.


Manaflı qeyd edir ki, Azərbaycan intellektual hərəkatının inkişafı Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu Gənclər siyasətinə söykənir. Bu siyasət "Azərbaycan Respublikasında Gənclər siyasəti haqqında" Qanunla təsbit edilib və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyur. Həmin Qanunun 5-ci maddəsində "dövlət gənclərin intellektual potensialının inkişafı üçün zəruri şərait yaradır" prinsipi əksini tapır. Bu hüquqi baza üzərində ölkə üzrə geniş intellektual sistem yaranır. Gənclər evlərində, universitetlərdə, məktəblərdə və regional mərkəzlərdə fərqli liqalar, turnirlər və maarifləndirici intellektual oyunlar keçirilir. Prezidentin çıxışlarında dəfələrlə qeyd edildiyi kimi, intellektual oyunlar ölkə gəncliyinin potensialını ortaya çıxaran əsas vasitələrdəndir. Bu o deməkdir ki, intellekt artıq milli prioritet səviyyəsinə yüksəlib. Manaflının fikrincə, bu diqqətin davamlı olması üçün intellektual hərəkatın dövlət proqramı çərçivəsində ayrıca istiqamət kimi yaradılması gənclərə veriləcək ən ali dəyər olar.


Son illərdə intellektual oyunlara kütləvi maraq yaranıb. Ən çox sevilən oyun təbii ki, "Nə? Harada? Nə zaman?" intellektual oyunudur. Həmçinin, Xəmsə MİO, Poliqon SİO, Breyn Rinq, Əlaçı və digər bu tip oyunlar gənclərin analitik düşüncəsini və komanda ruhunu gücləndirir. Sadəcə bu il təşkil edilən "Tələbələrarası Azərbaycan Kuboku"nda son mövsümdə 278 komanda, yəni təxminən 2000-ə yaxın tələbə mübarizə aparıb. Hazırda "Bilik Kuboku" layihəsinin seçim turları 36 ali təhsil müəssisəsini əhatə edir. Bu fəaliyyətlərin nəticəsi olaraq intellektual gənclər dövlət idarəçiliyinin əsas dayaqlarına çevrilir. Dövlət strukturlarında çalışan gənclərin bir çoxu məhz intellektual hərəkatdan çıxan insanlardır. İntellektual klublar və liqalar dövlətin qeyri-rəsmi kadr məktəbini yaradır. Məqsəd təkcə savadlı kadrlar deyil, düşünən, təhlil edən, qərar qəbul edən intellektual liderlər yetişdirməkdir. İntellektual gənc düşünən, təhlil edən, özünü inkişaf etdirən, vətəni üçün çalışan və cəmiyyətin intellektini artırmaq üçün təşəbbüs göstərən şəxsdir.


İntellektual hərəkat 2025-ci ilin göstəriciləri ilə aktiv dövrünü yaşayır; 50-dən artıq layihə, yüzlərlə turnir və minlərlə iştirakçı var. 2026-cı il hərəkat üçün xüsusi bir ildir, çünki Azərbaycan dilli intellektual hərəkatın 25 illiyi qeyd olunacaq. Bu münasibətlə bu hərəkatın tarixini sənədləşdirmək və dövlət səviyyəsində qeyd edilməsini təmin etmək üçün xüsusi layihə üzərində işlər gedir. Növbəti ildən əsas məqsəd tələbə və məktəblilər arasında milli düşüncəyə əsaslanan yeni nəsil intellekt komandaları yaratmaqdır. Manaflı inanır ki, yaxın illərdə intellektual oyunlar həm sosial, həm də ideoloji baxımdan Azərbaycanın "yumşaq güc" vasitələrindən birinə çevriləcək. O əlavə edir ki, intellektual inkişaf yalnız fərdi seçim deyil, vətəndaş məsuliyyətidir. Bu sahəyə daha çox diqqət ayrılması, qanunvericilikdə və proqramlarda intellektual layihələr üçün ayrıca dəstək mexanizmlərinin yaradılması artıq yeni dövrün tələbidir, çünki Azərbaycanın gələcəyi məhz düşünən beyinlərə və milli ideyaya sadiq intellektual gənclərə söykənəcək.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: