
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd edildi

Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, milli təsviri sənətdə realist dəzgah rəngkarlığının banisi Mirzə Qədim İrəvaninin (1825–1875) 200 illik yubileyi dekabrın 4-də qeyd edildi. Bu önəmli hadisə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən dövlət səviyyəsində reallaşdı. Mərasim çərçivəsində “Mirzə Qədim İrəvani: Zamanların qovşağında” kitabının təqdimatı və “Mirzə Qədim İrəvani: 200 illik sənət salnaməsi” sərgisinin açılışı baş tutdu.
Tədbirin açılışında Mədəniyyət naziri Adil Kərimli, Muzeyin direktoru Şirin Məlikova, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Gürcüstan Milli Muzeyinin direktor müavini Mixeil Sereteli və digər şəxslər çıxış etdilər. Çıxışlarda Mirzə Qədim İrəvaninin Azərbaycan təsviri sənətinin formalaşmasında oynadığı tarixi rol xüsusi qeyd olundu. Bildirildi ki, rəssamın əsərləri onun yaşayıb yaratdığı bölgənin mədəni yaddaşını özündə daşıyan nadir sənət nümunələrindəndir. Mədəniyyət naziri Adil Kərimli bu il keçirilən yubiley tədbirlərinin sənətkarın irsinin gələcək nəsillərə ötürülməsi və dünyaya tanıdılması baxımından vacib olduğunu vurğuladı. Sənətşünas Telman İbrahimov müəlliflərindən biri olduğu “Mirzə Qədim İrəvani: Zamanların qovşağında” kitabı haqqında geniş məlumat verdi. O, nəşrin Azərbaycan təsviri sənəti və sənətşünaslıq elmi üçün böyük əhəmiyyət daşıdığından danışdı.
Kitab Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə nəşridir. Şirin Məlikovanın rəhbərliyi ilə ərsəyə gələn bu nəşrdə İrəvaninin Azərbaycan təsviri sənəti tarixindəki müstəsna rolu xüsusi vurğulanır. Kitab rəssamın bioqrafiyası ilə bağlı daha dəqiq və elmi əsaslandırılmış məlumatlar təqdim edir. Burada rəssamın Azərbaycan, Gürcüstan və Rusiya muzeylərində saxlanılan əsərləri hərtərəfli təhlil edilir, bir sıra əsərlərin yeni atribusiyası aparılır. Həmçinin indiyədək çap olunmamış sənət nümunələrinə də yer verilib. Kitabın maraqlı cəhətlərindən biri, XIX əsr İrəvan şəhərinin tarixi və mədəni mühitini əks etdirən sənət nümunələrinin kolleksiya materialları əsasında daxil edilməsidir. Nəşr zəngin illüstrativ materiala malikdir və XIX əsr İrəvanına aid arxiv fotolarını da ehtiva edir.
Azərbaycan Milli İncəsənət Muzeyi və Gürcüstan Milli Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən sərgi Mirzə Qədim İrəvaninin hər iki muzeyin kolleksiyasında qorunan əsərlərini ilk dəfə bir araya gətirir. Ekspozisiyada sənətkarın rəngkarlıq və qrafika sahələrinə aid 33 əsəri, habelə ekspozisiyanın konsepsiyasını tamamlayan əlavə muzey eksponatları nümayiş etdirilir. İrəvaninin yaradıcılığı Şərq poetikasının zərifliyini Avropa təsvir üslubu ilə birləşdirən bir körpü rolunu oynayır. Onun portret və ornamental əsərləri Qacarlar üslubunun təsiri, yerli sənətkarlıq ənənələri və Qərb təsirlərini özündə cəmləşdirir.
Sərginin mühüm hissəsini vaxtilə İrəvanın memarlıq incisi olmuş Sərdar sarayının divarlarını bəzəmiş tarixi portretlər təşkil edir. Burada Fətəli şah Qacar, sonuncu İrəvan xanı Hüseynqulu xan, eləcə də "Şahnamə" qəhrəmanları Rüstəm və Söhrab kimi obrazlar yer alır. Bu əsərlər Azərbaycan təsviri sənətində ilk realistik dəzgah rəngkarlığı nümunələrindən sayılır. Onlar Sərdar sarayının dağıdılmasından sonra Gürcüstana aparılmışdı. Sərgidə artırılmış reallıq (AR) texnologiyasından istifadə olunur. Ziyarətçilər QR kod vasitəsilə Sərdar sarayı portretlərinin bərpadan əvvəlki vəziyyətlərini görə bilirlər. Bundan əlavə, sərgi çoxhissiyatlı konsepsiyaya malikdir. Məsələn, "Gül və bülbül" zalında qızılgül ətri yayılır və görmə məhdudiyyətli qonaqlar üçün xüsusi toxunma relyefləri təqdim olunur. Sərgi 2026-cı il 31 yanvar tarixinədək davam edəcək.
ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...
Bütün məqalələrə baxınOxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Azərbaycanın qədim sil...
Azəri Xəbər

Bakıda bu istiqamətlərdə tıxac var -SİYAHI
Bugun.az

General Mirzə Mirzəyev Həbs Edildi
Bugun.az

Paytaxtın bir sıra yollarında tıxac var -Siyahı
Bugun.az

Gürcüstanda “oğru dünyası” ilə əlaqəli azərbaycanl...
Azəri Xəbər

Meksika Cəngəlliklərində Qədim Mayya Şəhəri Aşkar...
Bugun.az


