Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Noyabrda havanın temperaturu normadan yuxarı olub

01.12.2025 10:32 8 baxış sayı 2 dəq. oxuma Metbuat
Noyabrda havanın temperaturu normadan yuxarı olub

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bu ilin noyabr ayı üzrə hava şəraiti barədə məlumat açıqlayıb. O bildirib ki, Bakı və Abşeron yarımadasında noyabr ayında havanın temperaturu əksər günlər iqlim normasından yuxarı qeydə alınıb. Ay ərzində 28 gün temperatur normadan (1.4-7.4 dərəcə aralığında) yüksək olub, yalnız iki gün isə normadan (0.2-0.9 dərəcə aralığında) aşağı düşüb.


Nazim Mahmudovun sözlərinə görə, 2025-ci ilin noyabr ayı sabit, mülayim hava şəraiti ilə fərqlənib. Ayın orta aylıq temperaturu 15.1 dərəcə isti təşkil edib ki, bu göstərici iqlim normasından 4.1 dərəcə yuxarıdır. Noyabrda havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında noyabrın 1-i müsbət 22.5 dərəcəyə çatıb. Bölgələrdə isə maksimal temperatur noyabrın 24-ü müsbət 27.6 dərəcəyə qədər qalxıb.


Havanın minimal temperaturu da qeydə alınıb. Bakıda və Abşeron yarımadasında minimal isti 8.8 dərəcə ilə noyabrın 22-də müşahidə edilib. Bölgələrdə isə havanın minimal temperaturu Sədərəkdə noyabrın 30-da 7 dərəcə şaxta olub. Ay ərzində hava şəraiti mülayim keçsə də, əsasən yağmursuz olub. Lakin ayın birinci ongünlüyündə fasilələrlə yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağışlar müşahidə edilib. Kəlbəcər, Laçın, Qubadlı, Murovdağ yüksəkliyi və Şahbuzun dağlıq əraziləri kimi yüksək dağlıq yerlərə qar düşüb.


Ölkə ərazisində ümumi yağıntı səviyyəsi normadan az olub. Bölgələr üzrə cəmi 11 gün yağıntılı hava şəraiti müşahidə edildi. Ən çox yağıntı Lənkəran-Astara zonasına (Astara 27 mm) düşüb ki, bu, aylıq normanın 17 faizidir. Bakı və Abşeron yarımadasına düşən yağıntı (Bakı 10.3 mm) isə aylıq normanın 35 faizini təşkil edib. Bu rəqəmlər göstərir ki, orta aylıq temperatur yüksək olmasına baxmayaraq, yağış cəhətdən noyabr quraq keçib.


E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: