Bugun.az
Bugun.az

10.10.2024 14:25

6 abunə

11

"SİMA Token"i İndi Onlayn Sifariş Etmək Mümkündür

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "AzInTelecom" MMC-si "SİMA Token" elektron imzasını onlayn sifariş etmək imkanı yaradıb.


Artıq "SİMA Token" elektron imzasını www.sima.az saytı vasitəsilə istənilən vaxt sifariş etmək mümkündür.


Vətəndaşlar sifariş prosesini tamamlamaq üçün saytda onlayn sorğu yaradaraq şəxsiyyət vəsiqəsi məlumatlarını, gizli cavabını, çatdırılma ünvanını (özünə yaxın poçt məntəqəsi) və əlaqə məlumatlarını qeyd etməlidirlər. Məlumatlar təqdim edildikdən sonra sifariş üçün müqavilə "SİMA İmza" ilə imzalanır. Vətəndaşlar üçün 3 illik token imzasının qiyməti 18 manatdır.


Sahibkarlar isə "SİMA Token" imzası sifariş etmək üçün şəxsiyyət vəsiqəsi məlumatlarını, gizli cavabını, VÖEN nömrəsini, çatdırılma ünvanını (özünə yaxın poçt məntəqəsi) və əlaqə məlumatlarını qeyd etməlidirlər. Məlumatlar təqdim edildikdən sonra sifariş müqaviləsi "SİMA İmza" ilə imzalanır. Sahibkarlar üçün 3 illik token imzasının qiyməti 36 manatdır.


Bundan əvvəl "SİMA Token" sifariş etmək üçün xidmət məntəqəsinə getmək lazım idi. İndi isə imzanı onlayn sifariş edərək, satış məntəqələrinə getmədən və növbə gözləmədən vaxta qənaət edə bilərsiniz. Elektron imza hazır olduqdan sonra onu təhvil almaq üçün seçdiyiniz poçt məntəqəsinə yaxınlaşmaq kifayətdir.


"SİMA Token"in əsas üstünlükləri tanınma, məxfilik, bütövlük və inkaredilməzlikdir. Tokendən elektron imza tələb olunan bütün sahələrdə, o cümlədən elektron vergi portalında, ipoteka krediti müraciətlərində, elektron məhkəmə sistemində, mobil notariatda, ƏMAS-da, bank-maliyyə xidmətlərində istifadə etmək mümkündür.


"SİMA Token"dən istifadə etmək üçün imzalayıcı proqram təminatını, "driver"i və mərkəzi sertifikatı yükləyib quraşdırmaq lazımdır. Daha sonra "SİMA Token"i kompüterə qoşaraq istənilən sənədi onlayn qaydada imzalamaq mümkündür. Elektron imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və ya 157 Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.