Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

“Unibank” “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim etdi

21.10.2025 07:13 6 baxış sayı 4 dəq. oxuma Metbuat
“Unibank” “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim etdi

“Unibank” özünün ilk “2024 Dayanıqlılıq Hesabatı”nı ictimaiyyətə təqdim etdi. Bu sənəd bankın Ətraf Mühit, Sosial və İdarəetmə (ESİ) prinsiplərinə əsaslanan idarəetmə modelini, yaşıl maliyyələşdirmə təşəbbüslərini, sosial və rəqəmsal inkişaf göstəricilərini, habelə iqtisadi tendensiyalara dair analitik qiymətləndirməsini özündə birləşdirir. Hesabatda qeyd edilir ki, 2024-cü il qlobal maliyyə sektoru üçün çətin, lakin dəyişimin sürətləndiyi bir dövr olub. Dünya iqtisadiyyatında inflyasiya təzyiqləri, enerji keçidi və süni intellekt texnologiyalarının artan rolu əsas trendlər kimi dəyərləndirilib.


Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı bu şəraitdə özünün dayanıqlılıq və şaxələnmə göstəricilərinə görə regionda seçilib. Qeyri-neft sektorunda müşahidə edilən artım, yaşıl enerji zonalarının inkişaf etdirilməsi və COP29-un Bakıda keçirilməsi ölkədəki iqtisadi kursu davamlı olaraq möhkəmləndirib. Dayanıqlılıq Hesabatı GRI standartlarına uyğun hazırlanıb. O, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə yönəlmiş fəaliyyətləri əhatə edir. Bank üçün 2024-cü il transformasiya ili kimi yadda qaldı. Bu dövrdə “Unibank” Azərbaycanın ilk qabaqcıl beynəlxalq standartlara uyğun, yaşıl istiqraz kimi təsnif edilə bilən qiymətli kağızlarını (20 milyon AZN) buraxdı. Bu addım ölkədə yaşıl maliyyə bazarına böyük töhfə verdi.


Bankın maliyyə göstəriciləri də artıb. İl ərzində “Unibank”ın kredit portfeli 107 milyon AZN artmışdır. Biznes kreditlərinin portfeldəki payı 40%-ə çatmışdır. Bank regionlarda maliyyəyə əlçatanlığı genişləndirməyə xüsusi diqqət yetirir. Mikrokreditlərin 70%-i region müştərilərinə, 30%-i isə qadın sahibkarlara təqdim edildi. Rəqəmsal bankçılıq sahəsində də əhəmiyyətli irəliləyişlər əldə edilib: rəqəmsal istifadə göstəricisi 19,3% artıb, Leobank ekosistemi genişlənib və 1,7 milyon rəqəmsal istifadəçi qeydə alınıb. Müştəri məmnuniyyətini ölçən NPS göstəricisi 13,3% artaraq müştəri etibarının daha da gücləndiyini göstərir.


Hesabatda həmçinin “Unibank”ın ESİ idarəetmə strukturu, Sustainable Finance Framework (SFF) mexanizmi, üç müdafiə xətti prinsipi və Dayanıqlılıq Komitələrinin fəaliyyəti təqdim edilir. Bankın Müşahidə Şurası və İdarə Heyəti yanında fəaliyyət göstərən dayanıqlılıq komitələri ESİ prinsiplərinin gündəlik qərarvermə və əməliyyatlara daxil edilməsinə nəzarət edir. Sosial istiqamətdə bank şəhid ailələrinə dəstək, uşaq evləri üçün keçirilən sosial aksiyalar və 500 ağacın əkildiyi ekoloji layihələrlə cəmiyyətə təsirini gücləndirdi. 2024-cü ildə əməkdaşların 60%-i təlimlərdə iştirak edib. Onlardan 60 nəfəri ESG mövzularında ixtisaslaşmış təlimlər keçib.


Unibank İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib ki, sabit maliyyə göstəriciləri ilə yanaşı, sosial ədalət və ekoloji məsuliyyət prinsipləri bank fəaliyyətinin mərkəzindədir. O qeyd edib ki, bu hesabat irəliləyişin göstəricisi olmaqla yanaşı, Dayanıqlılıq sahəsində hesabatlılıq və şəffaflıq vədidir. Bank artıq 2025–2029-cu illəri əhatə edən Dayanıqlılıq Strategiyasını və Siyasətini təsdiqləyib. Bu planlar milli prioritetlərə və beynəlxalq ESİ standartlarına uyğun uzunmüddətli dəyər yaratmağı hədəfləyir.


T
Əmək bazarı analitiki

Əmək bazarı, məşğulluq və əmək haqları mövzularında ixtisaslaşmışam. Əhalinin rifahı ilə bağlı məsələlər vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: