🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Vaşinqtonda tarixi görüş - Sülh sazişi imzalana bilər?

06.08.2025 11:25 1 baxış sayı 4 dəq. oxuma
Vaşinqtonda tarixi görüş - Sülh sazişi imzalana bilər?

Ağ Evdə İlham Əliyev və Nikol Paşinyanın Donald Trampla ayrıca görüşünün keçirilməsi planlaşdırılır. Görüşün məqsədi onilliklərdir davam edən münaqişəyə son qoymaq üçün sülh sazişinin əldə edilməsidir. Bəs doğrudanmı Tramp uzun illərdən sonra Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına müvəffəq ola biləcək?

Millət vəkili Hikmət Babaoğlu Metbuat.az-a açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycan liderləri sülh yolunda mühüm bir mərhələ – Əbu Dabi mərhələsini arxada qoyaraq ABŞ-yə gedirlər və bu, özü-özlüyündə orada sülhün əldə olunması ilə bağlı ortaq bəyanat vermək üçün yetərlidir.

Onun sözlərinə görə, sülhün bütün maddələrinin razılaşdırılması, yəni hazırkı mərhələdə olan layihənin bütün bəndlərinin razılaşdırılması, hətta paraflanması ilə bağlı müəyyən fikirlər səsləndirilib. Bu, həm Ermənistan, həm də Azərbaycan tərəfindən mümkündür. Ona görə də irəliyə doğru daha bir addım atıla bilər:

“Ancaq bu, birbaşa paraflanmış sənədlərin imzalanması formasında olacaq, yoxsa ortaq bəyanat formasında – bu, məsələnin başqa bir tərəfidir. Mənə elə gəlir ki, Ermənistan və Azərbaycan sülh sazişini ikitərəfli qaydada tamamilə neytral bir məkanda imzalaya bilərlər. Amma Amerika Birləşmiş Ştatlarında ortaq mövqe bəyan edilə bilər. Burada isə "Niyə məhz ABŞ?" sualının cavabı maraqlıdır. Ona görə ki, Ermənistan regional aktorlara güvənmir və dəfələrlə bəyan edib ki, mümkün sülh üçün təminatçı axtarır. Belə çıxır ki, Ermənistan regionda sülhün təminatçısı kimi ABŞ-ni görür, Azərbaycan isə regionda sülhün təminatçısı kimi özünü görür, öz gücünə arxalanır. Əgər Ermənistana sülh təminatçısı lazımdırsa, ABŞ bu gün dünya siyasətini təyin edən əsas güc mərkəzlərindən biridir, bəlkə də birincisidir. O zaman bu, Azərbaycanın maraqları kontekstində də tamamilə məntiqlidir və başa düşüləndir ki, belə bir bəyanat məhz ABŞ-də verilsin”.

H.Babaoğlu qeyd edib ki, ikitərəfli görüşün, onların ümumi mümkün bəyanatından əvvəl və ya sonra baş tutması əhəmiyyətlidir:

“Əgər bəyanatdan sonra baş tutacaqsa, yəni ABŞ ilə Azərbaycan Prezidentinin və Ermənistan rəhbərinin görüşləri ortaq bəyanatdan sonrakı yeni perspektivlər və reallıqlar müzakirə edilə bilər. Azərbaycan–ABŞ münasibətləri yüksək səviyyədədir. Azərbaycan Prezidenti Şuşada çıxış edərkən bir daha bunu bəyan etdi və ABŞ İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri öz rəsmi səhifəsində paylaşdı. Bu isə iki ölkə arasında münasibətlərin hansı səviyyədə olmasından xəbər verir və bu münasibətlərin çox böyük perspektivlərə malik olduğunu göstərir”.

Millət vəkilinin fikrincə, belə bir görüşün üçtərəfli qaydada keçirilməsi və sülhlə bağlı razılaşmanın bəyan edilməsi, yaxud imzalanması bizi regionda sülhə daha da yaxınlaşdıracaq və bu sülh uzunmüddətli olacaq:

“Ancaq heç şübhəsiz ki, burada mütləq Zəngəzur dəhlizi, onun iş rejimi, Azərbaycana vəd olunan və Azərbaycanın tələb etdiyi maneəsiz keçid məsələlərinə də aydınlıq gətiriləcək. Dolayısı ilə bütün hallarda bu görüş bəri başdan yüksək qiymətləndirilməldir. Məhz buna görə də dünyanın diqqətini bu qədər özünə cəlb edir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: