
Xaçmazda 1 milyon manata yaxın aqrar sığorta ödənişi edilib

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmindən yararlanan fermerlərin və təsərrüfatların sayı sürətlə artır. 2025-ci ilin noyabr ayında Aqrar Sığorta Fondu (ASF) meyvə bağları üzrə ölkədə indiyədək görülməmiş, rekord məbləğdə ödəniş həyata keçirdi.
Bu böyük ödəniş Xaçmaz rayonunda iki fərqli təbii fəlakət nəticəsində zərər görən iki şirkətə yönəldi və ümumi məbləğ təxminən 1 milyon manata çatdı. Xaçmazın Tell kəndlərində yerləşən «Naxo Group» MMC şirkətinə məxsus nektarin bağı güclü şaxtadan böyük ziyan gördü. Eyni zamanda, rayonun Cığatay kəndində fəaliyyət göstərən «Trek Service Engineering» MMC şirkətinə məxsus badam bağında sel-subasma hadisəsi baş vermişdi. Hər iki təsərrüfat ciddi məhsul itkisi ilə üzləşdi.
Bu hadisələr barədə müraciətlər daxil olduqdan sonra Aqrar Sığorta Fondu əraziyə müstəqil aqrar sığorta ekspertlərini yönləndirdi. Ekspertlər baş vermiş hadisəni araşdırmaq üçün dəfələrlə bağlara gəldilər, zərərin xarakterini və həcmini müəyyənləşdirdilər. Zərərin miqyasını nəzərə alaraq, ASF rəhbərləri və mütəxəssisləri də vəziyyətlə tanış olmaq üçün həmin təsərrüfatlarda oldular. Araşdırmalar nəticəsində meyvə bağlarında miqdar itkisinin olduğu təsdiqləndi. Hesablamalar əsasında “Naxo Group” MMC-yə 712 482 AZN, “Trek Service Engineering” MMC-yə isə 200 520 manat məbləğində rekord məbləğdə aqrar sığorta ödənişi təyin edildi.
Ödəniş alan təsərrüfat nümayəndələri aqrar sığorta sisteminin işindən çox razı qaldılar. “Naxo Group” MMC-nin baş aqronomu Ahmet Turqut bildirdi ki, meyvə bağı təsərrüfatı ilə məşğul olan fermerlər üçün aqrar sığorta çox vacibdir, çünki təbiət hadisələrindən qorunmaq üçün başqa bir mexanizm mövcud deyil. O qeyd etdi ki, mart ayında baş verən şaxtavurma zamanı dəyən zərər Aqrar Sığorta Fondu tərəfindən tamamilə kompensasiya edildi. Ümumilikdə, Aqrar Sığorta Fondu tərəfindən meyvə bağlarına 2,5 milyon manat sığorta ödənişi həyata keçirilib.
Aqrar Sığorta Fondunun İdarə heyəti sədrinin müşaviri Rəvan Səmədli deyir ki, aqrar sığorta mexanizmi ümumilikdə 41 bitki növünü əhatə edir, bunların da yarısı meyvə bağlarıdır. Dövlət tərəfindən təklif olunan 50%-lik sığorta haqqı güzəşti sayəsində fermerlər sığorta haqqının yalnız yarısını ödəyirlər, qalan hissəni dövlət özü qarşılayır. Sığorta sistemi meyvə bağlarını dolu, qasırğa, sel, şaxtavurma, vəhşi heyvanların hücumu, yanğın, bitki xəstəlikləri və zəlzələ kimi müxtəlif risklərdən qoruyur.
Vergi siyasəti və dövlət büdcəsi haqqında yazıram. Rəqəmlərlə işləməyi xoşlayıram və bunu oxuculara anlaşıqlı şəkildə çatdırmağa çalışıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər
Azərbaycanda meyvə bağları üzrə böyük məbləğdə aqr...
Azəri Xəbər

Aqrar Sığorta Fondunun ümumi ödənişləri 20 milyon...
Azəri Xəbər

“Şaxta ilə bağlı sığorta ödənişi həyata keçirilir”...
Bugun.az

Meyvə bağları üzrə ən böyük sığorta ödənişi verild...
Bugun.az

Azərbaycanda icbari sığorta bazarı 7%-ə yaxın böyü...
Azəri Xəbər

Bu qəzalara 3 milyon manat siğorta ödənişi ayrıldı
Bugun.az


