29 yanvar 2021-ci il tarixdə saat 11 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonuna ezam olunmuş Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin bölmə rəhbəri 1983-cü il təvəllüdlü Mirzəyev Elməddin Tofiq oğlu minaya düşməsi nəticəsində “sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası” xəsarəti və çoxsaylı qəlpə yaraları alıb.
Baş Prokurorluqdan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən Cinayət Məcələsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.