🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Daha bir qadağa aradan qalxdı - SON DƏQİQƏ

13.08.2020 17:49 652 baxış sayı 8 dəq. oxuma
Daha bir qadağa aradan qalxdı -

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının, o cümlədən məhbusların hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirilir, qanunvericilik təkmilləşdirilir, cəza-icra siyasəti humanistləşdirilir, islahatlar aparılır və geniş ictimai iştirakçılıq tətbiq olunur.

Qlobal COVID-19 infeksiyasına qarşı dövlətimizin başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə görülən qəti tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən zəruri preventiv addımlar atılır, penitensiar və tibb xidmətləri fəaliyyətlərini gücləndirilmiş iş rejimində davam etdirərək, məhkumların və təqsirləndirilən şəxslərin həyat və sağlamlıqlarının qorunmasına ciddi nəzarətdə saxlanılmaqla, onların gündəlik termometriyası həyata keçirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirliyin Tibb baş idarəsi fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun quraraq, Səhiyyə Nazirliyi və TƏBİB ilə sıx əlaqədə penitensiar müəssisələrdə saxlanılan şəxslərin test nümunələri götürülərək laborator analizlərin aparılması təşkil olunub. Virus testlərinin nəticələri pozitiv çıxan tək-tək məhkumlar dərhal təcrid olunaraq ixtisaslaşdırılmış müalicə müəssisəsində xüsusi yaradılmış şöbəyə yerləşdirilir və intensiv müalicə tədbirləri aparılaraq tam sağaldıqdan sonra karantindən çıxarılırlar. Qeyd olunmalıdır ki, bütün penitensiar müəssisələrdə epidemioloji cəhətdən gərgin mühit yoxdur, nəzarət tədbirləri fasiləsiz davam etdirilir.

Bu sahədə vəziyyət, həmçinin nazirliyin vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət yaradılmış monitorinq qrupu tərəfindən mütəmadi öyrənilir. Ötən müddətdə penitensiar müəssisələrdə 65 monitorinq aparılaraq məhbusların saxlanma şəraiti, ərzaq, qida, tibbi və dərman təminatı ilə tanış olunub, qida rasionunun qanunvericiliklə müəyyən edilmiş normalara uyğunluğu yoxlanılıb, sanitar-gigiyenik vəziyyətə, dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət yetirilib.

Pandemiya ilə əlaqədar müvəqqəti dayandırılmış məhkumlara sovqat və banderolların ötürülməsi ölkə ərazisində karantin rejiminin yumşaldılması çərçivəsində bərpa olunub. Həmçinin respublikada infeksiyanın yayılmasının getdikcə azalması nəticəsində karantin qaydalarının növbəti dəfə yumşaldılması nəzərə alınaraq sanitar-epidemioloji tələblərə ciddi riayət olunmaqla məhkumlara qısa müddətli görüşlərin verilməsi qərara alınıb. Bununla əlaqədar penitensiar müəssisələrdə mövcud olan qısamüddətli görüş otaqları həmin tələblərə uyğun yenidən qurulub və danışıq qurğuları ilə təchiz edilmiş şüşə arakəsmələr və kabinələr təşkil olunub. Artıq müəssislərin çoxunda yaradılmış bu şəraitə uyğun məhkum və həbs olunmuş şəxslərə qısamüddətli görüşlərin verilməsinə başlanılıb.

Bununla yanaşı, ailələri ilə əlaqə saxlanılması məqsədilə məhbusların telefon danışıqları imkanları genişləndirilib.

Eyni zamanda, məhkumların cəmiyyətə yenidən inteqrasiyasında mühüm rol oynayan cəzadan vaxtından əvvəl şərti azad etmənin son aylarda tətbiqi daha da intensivləşib, bu sahədə şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə nazirliyin vətəndaş cəmiyyətinin nümayəndələrinin təmsil olunduğu Komissiyası tərəfindən videokonfrans vasitəsilə virtual qaydada mütəmadi iclaslar keçirərək məhkumlarla söhbətlər aparılıb, şəxsi işləri öyrənilib və qanunvericiliyin tələblərinə cavab verən məhkumlar barədə materiallar məhkəmələrə təqdim olunub.

Dövlətimizin başçısının qanunvericilik təşəbbüsü əsasında Cinayət Prosessual Məcəlləsində edilmiş dəyişikliklərlə artıq cinayət işlərində videokonfransın keçirilməsi bu humanist institutun daha asan, çevik və məhkumların təhlükəsizliyi təmin olunmaqla tətbiqinə əlverişli imkan yaradıb.

Belə ki, bu il iyulun 15-dən yeni Qanunun qüvvəyə minməsi ilə əlaqədar nazirlik tərəfindən dərhal zəruri tədbirlər görülərək cinayət işləri üzrə məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb.

Artıq bu günədək məhkəmələr tərəfindən videokonfrans vasitəsilə 400-ə yaxın, o cümlədən nazirliyin Komissiyasının rəyləri nəzərə alınmaqla cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmə ilə bağlı göndərdiyi təqdimatlara, habelə cəza siyasətinin humanistləşdirilməsi məqsədilə qəbul edilərək icrasına başlanılmış qanunvericiliyin tətbiqinə dair işlərə baxılıb.

Bu humanist institutların davamlı tətbiqi və bu məsələdə müasir informasiya texnologiyalarının istifadəsi nəticəsində cari ildə 1727 nəfər vaxtından əvvəl azadlığa buraxılıb və ya yüngül rejimli müəssisəyə keçirilib ki, onların da 80 faizə yaxını, yəni, 1333 nəfəri indiki pandemiya şəraitinə təsadüf edir. Eyni zamanda, 493 həbs edilmiş şəxs, o cümlədən pandemiya dövründə 408 nəfər ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.

Bununla yanaşı, cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərlə bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar Penitensiar və Probasiya xidmətləri üzrə 1000-dək məhkumun işləri öyrənilib və yeni Qanunun təsiri altına düşən məhkumlarla bağlı məhkəmələrə göndərilmiş təqdimatlara baxılıb. Artıq 100 məhkum cəzadan tamamilə azad edilib, 211 nəfərin cəza müddəti azaldılıb və ya yüngül cəza növü ilə əvəzlənib, 63 nəfərin əməli yeni maddələrə tövsif olunub.

COVİD-19 qlobal pandemiyası şəraitində məhkum və həbs olunmuş şəxslərin sağlamlığının və təhlükəsizliyinin qorunması ilə bağlı görülən tədbirlər onların ailələri və yaxınları tərəfindən minnətdarlıqla qarşılanır.

Ədliyyə Nazirliyi tərəfindən məhkumlarının hüquqlarının qorunması üzrə, o cümlədən indiki pandemiya şəraitində tədbirlər davam etdirilir.

Paylaş: