Əlimdə olsa, bizim bəzi Kütləvi İnformasiya Vasitələrini bağlayaram. « Ağızlarına su alıb oturublar », heç bir fəaliyyət göstərmirlər. Şapalaqla üz qızardırlar. Tarix qoyun ortalığa. Faktlar, sənədlər var. Özü də Azərbaycan dilində yazıları yığışdırın. Dünyanın başa düşdüyü dildə yazın. Bütün dünya bilir bunlar kimdir, sadəcə sübutlarla yalanlarını ifşa etmək lazımdır. Həm də bizim yazdığımız, çəkdiyimiz, göstərdiyimiz Biləcəridən o tərəfə keçmir. Heç kim baxmır! Amma erməni dünyanın bütün dillərində danışır, gecə-gündüz hər kəsi öz dilində aldatmaqla məşğuldur.

İyirmiyə qədər erməni alimi, tarixçisi yazır ki, yalnız türk ərazilərində insan kimi yaşamışıq. Türkiyənin generalları olub, bank mudirləri, siyasət adamları olublar. İndi düşüblər ələ-ayağa ki, səhv eləmişik, aldanmışıq. Amma orda daşnaksütyun kimi xəyanətkar bir qrup erməni var. Ona görə aktiv surətdə müharibədən də daha üstün ideoloji təbliğatla məşğul olmalıyıq.

– Bəs ekstrasens Bayram Nurlunun Kardayana cavabı və bunun qarşılığında erməni səhifələrində məsxərəyə qoyulması barədə nə deyə bilərsiniz?

-Ən böyük faciəmiz bundadır. Şəxsən ailə üzvlərim və mən Kardaşyanın cavabını dediyim səpkidə vermişik. Bayram Nurluları efirə çıxartmaq, xalqın adından danışdırmaq millətimizin əxlaqına, ideologiyasına xəyanətdir. Heç bir halda belə amorf, mahiyyətsiz cəmiyyətdə qəbul olunmayan insanları efirə buraxmaq olmaz. Əksinə düşmənə imkan verib, şərait yaradırıq, onlar da bizə gülür.

O uşaq yoldan çıxmış, azmış bədbəxt insandır. O kimdir ki, onu qabağa verirsiniz? « Düşmənin dəyirmanına su tökürsünüz ». Hanı sənin tarixçin, akademiklərin,professorların. Haradadır Milli Elmlər Akademiyası ? Qoca-qoca akademiklər də cəsarət edib bir kəlmə danışmır. Niyə bəyanət vermirlər, çıxış etmirlər, dünyanı ayağa qaldırmırlar? Niyə gözləyirlər hər şeyi cənab Prezident təkbaşına eləsin? Bir də Azərbaycanda aldanmış kəvakibləri var.

– Onlar kimlərdir?

– Cavan uşaqlardır, biri özünə cəbhəçi, biri müsavatçı, biri də bloqer deyir. Onlar üçün ayıb deyil? Bunlar xaricdə oturub, ölkəmizə təhqiramiz ifadələr yağdırırlar. Bunların əxlaqı, mənəviyyatı, atası, anası yoxdurmu? Ayıb olsun! Kişisinizsə, vətən, xalq adlı marağınız varsa, gəlin həmrəylik yaradın. Onların hər birinə səslənirəm:

«Yığışdırın özünüzü, ananız , bacınız var ». Utanıb yerə girmirsiz? Niyə onların ağsaqqalı, dədəsi, anası demir ki, ayıbdır? Azərbaycan xalqı adına onlara lənət yağdırıram. Xalqın tarixi, mənəviyyatı ağsaqqalı, ədəbi, namusu, qeyrəti var. Niyə bu dəyərləri 5-3 manata satırsınız? Həm bir ağsaqqal, həm də bir şeyx kimi onlara səslənirəm : « Təcili surətdə söyüşləri dayandırın. Siyasi, ideoloji mübarizə aparırsınız, aparın. Yoxsa təhqir, söyüş nədir? Biabrçılıq rüsvayçılıq ». Biz müsəlmanıq. Bu nə işdir? Kimdir bunlar ? Bu dünya belə davam etməyəcək ki… ?