🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Netanyahu: Həmas tərksilah edilməsə, qiyamət qopacaq

15.10.2025 04:47 6 baxış sayı 3 dəq. oxuma
Netanyahu: Həmas tərksilah edilməsə, qiyamət qopacaq

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-ın mərkəzi xəbər kanalı "CBS"ə verdiyi müsahibədə aktual məsələlərə toxunub.


"HƏMAS-IN TƏRKSİLAHI QIRMIZI XƏTTİMİZDİR"


Qəzzadakı atəşkəs prosesinə toxunan Netanyahu deyib: "Biz sülhə bir şans vermək barədə razılaşdıq. Dedik ki, birinci hissəni yekunlaşdıraq və indi də ikinci hissəyə şans verək."


Bundan sonrakı mərhələdə Həmas-ın tərksilah edilməsinin onların qırmızı xətti olduğunu bildirən Netanyahu əlavə edib: "Birincisi, Həmas öz silahlarından imtina etməlidir. İkincisi, Qəzzada silah fabriklərinin olmadığına əmin olmaq lazımdır. Qəzzaya silah qaçaqmalçılığı olmamalıdır. Tərksilah budur."


NETANYAHUDAN HƏDƏLİ BƏYANAT


Həmas-ın tərksilahdan imtina etməsi halında nə baş verəcəyi barədə, əvvəllər ABŞ Prezidenti Donald Trampın səsləndirdiyi sözlərə istinad edən Netanyahu vurğulayıb: "Onda qiyamət qopacaq. Amma ümid edirəm ki, belə olmayacaq. Ümid edirəm ki, bunu dinc yolla həyata keçirə bilərik. Biz buna qətiyyən hazırıq."


Netanyahu əlavə edib ki, bölgədə sülhün bərqərar olması "İsrail xalqına, bölgə xalqlarına və dünya xalqlarına verilə biləcək ən böyük hədiyyədir."


"AZADLIQ QALICI VƏ YA AVTOMATİK DEYİL"


Müharibənin bitdiyini elan etmək üçün nəyin tələb olunduğu sualına cavab verən Netanyahu deyib: "Düşünürəm ki, yaxın gələcəkdə yalnız İsrail üçün deyil, həm də azad və mədəni dünya üçün özünümüdafiə qabiliyyətinin qorunub saxlanması vacibdir. Çünki azadlıq qalıcı və ya avtomatik deyil. Azad cəmiyyətləri müdafiə edə bilməsəniz, onlar avtoritar və ya totalitar rejimlər tərəfindən ələ keçiriləcəklər."


"MƏNİM VƏZİFƏM YƏHUDİ DÖVLƏTİNİ QORUMAQDIR"


Trampın İsrail Məclisində çıxışı zamanı onun haqqında işlətdiyi "asan adam deyil" ifadələri xatırladıldıqda, Netanyahu belə cavab verib: "Yəni, ümid edirəm ki, bunu ölkəmin gələcəyi ilə bağlı məsələlərdə çox sərt olduğum üçün deyir. Mənə deyilənin doğru olduğuna inandığım zaman 'doğrudur' deyirəm, 'yox' deməli olduğumu düşündüyümdə isə bunu deyirəm. Bu, mənim işimdir. Mənim vəzifəm Yəhudi dövlətini qorumaq və Yəhudi xalqının gələcəyini təmin etməkdir."


Paylaş: