🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Təhsil nazirindən tədris ili ilə bağlı VACİB AÇIQLAMA

17.08.2020 11:48 499 baxış sayı 7 dəq. oxuma
Təhsil nazirindən tədris ili ilə bağlı VACİB

Avqustun 17-də Milli Məclisin Elm və Təhsil komitəsi ilə Təhsil Nazirliyinin videoformatda  konfransı keçirilib.

Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Konfransda dünyanı bürümüş COVID-19 pandemiyası  şəraitində növbəti tədris ilində təhsil  müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı məsələlər müzakirə olunub.

Bildirilib ki, yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı Azərbaycan Respublikası Təhsil İnstitutunun təklif və tövsiyələrini əks etdirən elmi araşdırmanın nəticələri ictimaiyyətə təqdim edilib.

Onlayn çərçivədə keçirilən konfransda Təhsil naziri Emin Əmrullayev çıxış edib.

O, təhsil sahəsində koronovirus pandemiyası ilə əlaqədar yaranan problemlərdən çıxış yollarının müzakirəsinə həsr olunmuş bu tədbirə və məsələyə həssas yanaşmaya görə Milli Məclis rəhbərliyinə, deputatlara təşəkkürünü bildirib.

Nazir deyib ki, hazırda üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir. 

“Ölkə  rəhbərliyinin bu dövrdə diqqət yetirdiyi əsas məsələ ilk növbədə insanların sağlamlığının qorunmasıdır”, - deyə nazir əlavə edib. 

Emin Əmrullayev nazirlik tərəfindən normal şəkildə təhsilə davam ediləcəyi təqdirdə COVID-19-a yoluxma sürəti ilə bağlı araşdırmaların nəticələri barədə məlumat verib.

Təhsilin adi qaydada davam edərsə, insanların hərəkətlilik səviyyəsinin nəzərə alınmasının vacibliyini vurğulayıb, bunun müəyyən risklər yarada biləcəyini qeyd edib.

Nazir növbəti tədris ili üçün  təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı Təhsil İnstitutunun  verdiyi təklifləri səsləndirib.  

Qeyd   edib ki,  “yaşıl”, “sarı”, “narıncı” və “qırmızı” zonalarda təhsilin bütün davamiyyət  formaları barədə araşdırmalar aparılıb və təkliflər verilib.

Bildirilib ki, Təhsil İnstitutunun verdiyi tövsiyələrdə tədrisin məsafədən təşkili, qarışıq (onlayn və sinif otağında) modellərinin tətbiqi yolları nəzərdə tutulur. Yoluxma risklərinin minimuma  endirilməsi üçün ümumi məktəb günlərinin sayının, dərs saatının miqdarının, sinif otaqlarının  azaldılması kimi  tədbirlər  nəzərdə tutulur. 

Qeyd olunub ki, tənəffüs fasilələrinin uzadılaraq şagirdlərin açıq havada çox vaxt keçirməsi  məqsədəuyğun hesab edilir.

Komitə sədri Bəxtiyar Əliyev də çıxışında indiki məqamda qarışıq təhsil modelinin (onlayn və sinif otağında) daha məqsədəuyğun olması ehtimalını dilə gətirdi. O, 11 mart 2020-ci ildən  fəaliyyətə başlamış əksər fənlər üzrə ölkənin iki telekanalında dərslərin yayımının şagird və tələbələr üçün çox faydalı olduğunu və bunun davam etdirilməsinin zəruriliyini qeyd  edib. 

Bəxtiyar Əliyev ümumi təhsil, məktəbəqədər təhsil, ali və orta ixtisas təhsili, peşə  təhsili, məktəbəhazırlıq prosesinin davam etdirilməsi ilə bağlı fikirlərini açıqlayıb. 

Qeyd  olunub ki, bəzi ümumi, ali və orta ixtisas təhsilinin müəyyən pillələrində distant təhsil forması mövcud proqramlara uyğun davam etdirilə bilər.

Onlayn konfransda millət vəkilləri İsa Həbibbəyli, Anar İsgəndərov, Musa Qasımlı, Etibar Əliyev, Aqiyə Naxçıvanlı, Müşfiq Məmmədov, Şahin Seyidzadə, Kamilə Əliyeva, Ceyhun Məmmədov, Pərvin Kərimzadə, Tamam Cəfərova, Fatma Yıldırım, Ülviyyə Ağayeva Təhsil İnstitutunun verdiyi təkliflərlə bağlı fikirlərini bildiriblər.

Onlayn tədbirin sonunda Təhsil naziri Emın Əmrullayev və komitə sədri Bəxtiyar Əliyev millət  vəkillərini maraqlandıran bəzi məqamlara aydınlıq gətiriblər.

Paylaş: