
“Art Weekend” çərçivəsində daha bir sərgi - “Əcdadlar” (FOTO)

“Əcdadlar” (Ancestors) adlı sərgi oktyabrın 30-da İçərişəhərdə yerləşən “Q Gallery”də açılıb. Bu sərgi paytaxtda keçirilən “Art Weekend” tədbirinə daxil edilən ekspozisiyalardan biridir. Tədbir Heydər Əliyev Fondu və İDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə reallaşıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, eləcə də Arzu Əliyeva və Alena Əliyeva sərgi ilə tanış olublar. Sərgidə Azərbaycan sənətinin müasir nümayəndələri – Faiq Əhməd, Rəşad Ələkbərov, Orxan Hüseynov və Fərid Rəsulov iştirak edir. Onlar öz yaradıcılıqları vasitəsilə keçmişin izlərini bu günə gətirərək, ziyarətçilərə milli ruhun dərin qatlarını yenidən hiss etdirməyə çalışırlar.
Rəssam Rəşad Ələkbərovun sözlərinə görə, həmkarları fərqli üslublarda işləyirlər. Fırça ustası öz əsərlərində daha çox kölgə effektindən istifadə edir. O, həmkarları ilə birgə sərgi təşkil etmək qərarına gəldiklərini bildirib. “15 il əvvəl birgə layihəmiz olub. Lakin zaman keçib, biz dəyişmişik, düşüncələrimiz dəyişib. Qərara gəldik ki, indiki sərginin mövzusu əcdadlarımız haqqında olsun,” deyə o qeyd edib. Onlar insanların kökləri, əcdadları barədə fərqli bilgi almasının maraqlı olacağını düşündülər. Rəşad Ələkbərov sərgidə üç əsərini nümayiş etdirir, bildirir ki, hər biri atalar sözlərindən ilhamlanaraq ərsəyə gəlib. Bu rəsmlər onun atalar sözlərinə olan baxış bucağını əks etdirir. O, sərgidə xalqın dərin hikmətini əks etdirən sözləri vizual sənət vasitəsilə təqdim edən “Atalar sözləri” konsepti üzərində işləyir. Sənətçi bəzi atalar sözlərinin yalnız müəyyən zaman üçün deyil, gələcək nəsillər üçün də aktual qalacağına, illər sonra belə mənasını itirməyəcək hikmətləri daşıyacağına əmindir.
Digər rəssam Fərid Rəsulov əsərlərində yağlı və sulu boyalardan istifadə etdiyini deyib. O, işlərində əcdadlarımızın kultu olan qoyun mövzusuna toxunur. Rəssam qeyd edib ki, bütün dövrlərdə bu heyvanlar bizim yaşam tərzimizin bir hissəsi olub. “Köçəri olan, dağlarda yaşayan vaxtlarda bizim əcdadlarımız hər zaman qoyunçuluqla məşğul olublar. Ona görə bizim üçün qoyun bir növ totemdir,” deyən Rəsulov qoyunların bir çox mədəni abidələrimizdə də təsvir olunduğunu əlavə edib. O, sərgidə əsas məqsədinin məhz bu əlaqəni – əcdadlarımızdan günümüzə gələn həyat və simvolizmi göstərmək olduğunu bildirib.
Faiq Əhməd isə “Əcdadlar” sərgisində təqdim etdiyi əsərləri daha çox minimal formada işləyib. Onun yaratdığı insan portretləri zahirən sadə görünsə də, tamaşaçını öz daxili hisslərini görməyə məcbur edir. Orxan Hüseynov tamaşaçını gündəlik həyatda diqqət yetirilməyən detallar vasitəsilə tarixə aparır. Əsərlərində Vətən mənzərəsi, doğma diyar, torpaq, göl və insanların yaşadığı ərazilər canlanır. Coğrafiya və məkanlar əcdadlarımızın yaşadığı və izlər qoyduğu yerlər kimi təqdim edilir; biz indi həmin yerlərdə yaşayır və onları yenidən kəşf edirik. Qoruyub saxladığımız hər bir adət, ötürdüyümüz hər bir hekayə, hətta üz cizgilərimizdə əks olunan xüsusiyyətlər bizdən əvvəl yaşamış saysız-hesabsız nəsillərin mirasıdır.
Evimiz adlandırdığımız torpaq həm həyatın beşiyi, həm də bizi biz edənlərin izlərini səssizcə qoruyub saxlayan bir məkandır. Güclü və fərqli bədii ifadələr vasitəsilə “Əcdadlar” sərgisi ziyarətçiləri yaddaş, ənənə və mədəni irs qatlarından keçən düşüncəyə dəvət edir. Sərgi hər bir fərdin mənsub olduğu nəsillər zəncirindəki yerini dərk etməyə çağırır. O, həmçinin bir gün bizim də gələcək nəsillərin formalaşmasında zəncirin bir halqasına çevriləcəyimizi xatırlamağa çağırır. Bu sərgi məkanın – yəni torpağın – təkcə həyat beşiyi deyil, həm də sükutla əcdadlarımızın izlərini qoruyan bir yaddaş daşıyıcısı olduğunu vurğulayır.
Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

“Art Weekend” çərçivəsində “Od, Su və Öpüşlər" adl...
Azəri Xəbər

"Nine Senses" qalereyasında "Od, Su və Öpüşlər" sə...
Azəri Xəbər

"Art Weekend" zamanı “Dəniz, çox sağ ol! təqdim ed...
Azəri Xəbər

Art Weekend çərçivəsində Şirvanşahlar sarayında "Ş...
Azəri Xəbər

Bu gündən daha bir qadağa ləğv edildi -
Son Xeberler

Bakıda keçiriləcək "Art Weekend" çərçivəsində XVII...
Azəri Xəbər
 
                                        


