Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu baş tutub (FOTO)

05.12.2025 06:37 3 baxış sayı 5 dəq. oxuma Trend
Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu baş tutub (FOTO)

Dekabrın 4-də Bakı Konqres Mərkəzində “Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu” baş tutub. Bu tədbir 4-18 dekabr tarixlərində keçiriləcək “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində reallaşıb. Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi və “ASAN xidmət”in tərəfdaşlığı ilə keçirilən forum 3,500-ə yaxın Azərbaycan könüllüsünü bir araya gətirdi. Tədbir 5 Dekabr - Beynəlxalq Könüllülər Günü ərəfəsində keçirilib və “Konstitusiya və Suverenlik İli”nə həsr edilib. Forumun əsas məqsədi ölkədə könüllülük fəaliyyətini genişləndirmək, eyni zamanda gəncləri cəmiyyətin inkişafına daha fəal şəkildə qatılmağa stimul vermək və sosial məsuliyyətlərini artırmaqdır.


Rəsmi açılış mərasimində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Forumda iştirak edən dövlət rəsmiləri çıxışlarında ölkəmizdə könüllülük fəaliyyətinin təşviqi və inkişafı istiqamətində həyata keçirilən işlərdən danışıblar. Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, ədliyyə nazirinin müavini Toğrul Hüseynov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev çıxış edənlər arasında idi. Onlar qeyd etdilər ki, Prezident İlham Əliyevin gənclər siyasətinə göstərdiyi davamlı dəstək bu sahədəki uğurların əsas hərəkətverici qüvvəsidir. Rəsmilər Şanlı Zəfərin beşinci ildönümünün gənclərin vətənpərvərlik ruhunu yüksəltdiyini və ictimai fəallığını artırdığını vurğuladılar.


Çıxışlarda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin könüllülük hərəkatının inkişafına, gənclərin dövlətçilik və vətənpərvərlik dəyərlərinə bağlılığının möhkəmləndirilməsinə geniş imkanlar yaratdığı bildirilib. Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev isə İttifaqın 2025-ci il ərzində həyata keçirdiyi layihələr və fəaliyyətlər barədə məlumat verib. O, ölkə başçısının könüllülüyün təşviqi ilə bağlı tapşırıqlarını əsas götürərək, AKTİ tərəfindən il ərzində könüllülərin bilik və bacarıqlarının artırılması məqsədilə fərqli layihələrin icra edildiyini qeyd etdi. Forum çərçivəsində ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi keçirilib. Sərgi zamanı könüllü təşkilatları öz fərdi stendlərində Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatları nümayiş etdirdilər. Könüllülük fəaliyyətinin qiymətləndirilməsi məqsədilə 50-dən çox gənc 2025-ci il üzrə “İlin Könüllüsü” mükafatı ilə təltif olunub.


Tədbirdə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin beşinci ildönümünə həsr edilmiş videoçarx, eləcə də könüllülərin fəaliyyətini əks etdirən videohesabatlar nümayiş etdirildi. Forumun davamında iştirakçılar üçün musiqili hissə təşkil olunub. Bu hissədə xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova, həmçinin gənc müğənnilər Mərdan Kazımov və Fəxri İsmayılov çıxış ediblər. Sonda Forum iştirakçılarının xatirə fotosu çəkilib. Bu tədbir “Azərbaycan Könüllülük Həftəsi 2025” üçün başlanğıc oldu; həftə boyu “Suveren Azərbaycan” intellektual liqası, “Zəfər atışı” atıcılıq turniri, Könüllülük Festivalı, və Könüllülərin Həmrəylik Düşərgəsi kimi layihələr təşkil ediləcək.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: