Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

16.11.2025 20:06 12 baxış sayı 4 dəq. oxuma Trend
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Azərbaycan xalqının azadlıq mübarizəsinin mühüm mərhələlərindən biri olan 17 Noyabr - Milli Dirçəliş Günü, ölkənin müstəqilliyinin bərpa edilməsində tarixi bir əhəmiyyət daşıyır. Bu tarix mənəvi əsaslarını hələ ötən əsrin 60-cı illərindən götürmüşdür. Sonralar, ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində, bu proses dönməz xarakter aldı və müstəqil Azərbaycan müasir inkişaf yoluna çıxdı. Həmin dövrlərdə Sovet İttifaqının siyasi, iqtisadi və ideoloji dayaqları sarsılmışdı. İmperiyanın rəhbərliyi, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasətini kəskinləşdirdi. Məhz bu şəraitdə M.Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başladılar. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, eləcə də Ağdamda iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri qızışdırdı.


XX əsrin əvvəllərində istiqlalın dadını bilən xalq, bu dəfə müstəqillik arzularını gerçəkləşdirmək üçün tarixi bir şansın yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı genişləndi. Milyonlarla insanın toplandığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti zamanla dəyişdi. Müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirdi. O, Sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bunun nəticəsində bütün sahələrdə inkişaf və oyanış başladı. Ölkə əsl intibah dövrünə qədəm qoydu.


Ulu öndərin təşəbbüsü ilə dünyanın fərqli ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar yetişdi. Dahi şəxsiyyət Heydər Əliyevin respublikada yaratdığı bu mənəvi-psixoloji və iqtisadi təməl, təxminən 20 il sonra Sovet İttifaqı dağılmağa başlayanda xalqın dayağı oldu. 1988-ci ildə xalq hərəkatının şiddətləndiyi vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr mövcud vəziyyəti dəyərləndirə bilmədi. Bu şəxslər xalqın maraqlarından çox, imperiyanın maraqlarını düşünürdülər. Onların siyasi səbatsızlığı nəticəsində 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi istiqamətə yönəltməyə gücləri çatmadı. Məhz o ağır anlarda yenə də ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunun sönməsinə imkan vermədi.


1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ümummilli lider Heydər Əliyevin sədrliyi altında keçirilən bu tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ müzakirə edildi. Xalq deputatları müzakirədən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul edilməsi ilə əlaqədar təklif irəli sürdülər. Sessiya Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar qəbul etdi. Həmçinin, bayrağın dövlət bayrağı kimi qəbul edilməsi üçün Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru gedən tarixi yolun başlanğıcı qoyulmuş oldu.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: