Bu gün Super Ay hadisəsi müşahidə olunur

05.11.2025 14:06 10 baxış sayı 2 dəq. oxuma Report
Bu gün Super Ay hadisəsi müşahidə olunur

Bu gün Super Ay hadisəsi müşahidə olunur. Bu göy hadisəsi noyabrın 5-i saat 17:10-da başlayıb və noyabrın 6-ı saat 08:10-da başa çatacaq. Ayın Yerə ən çox yaxınlaşması isə noyabrın 5-dən 6-a keçən gecə saat 02:30 baş verəcək.


Super Ay hadisəsi zamanı Ay adi tam Aydan təxminən 8 faiz böyük və 16 faiz parlaq görünəcək. Hazırda Ayın Yerdən məsafəsi 356 min 832 kilometr təşkil edir. Məlumat üçün bildirək ki, bu hadisə insanların həyatı üçün heç bir təhlükə yaratmır.


Sadəcə, Ay Yerə yaxınlaşdıqca, onun cazibə qüvvəsi okean və dəniz səviyyələrinə adi haldan daha çox təsir göstərir. Bu təsir su səviyyəsinin normal vəziyyətdən 3-5 santimetrə qədər daha yüksək olmasına gətirib çıxara bilər.


Qeyd edək ki, Ayın Yerə maksimal yaxınlaşması (perigey) 1912-ci il yanvarın 4-də baş verib; o zaman məsafə 356 min 375 km idi. Sonrakı illərdə ən böyük yaxınlaşmalar 1948-ci il yanvarın 26-da (356 min 508 km), 2016-cı noyabrın 14-də (356 min 509 km), 2018-ci il yanvarın 1-də (356 min 565 km) qeydə alınıb.


Növbəti maksimal yaxınlaşma ilə müşayiət olunan Super Ay hadisəsi isə 2034-cü il noyabrın 25-də gözlənilir. Bu zaman Ayın Yerə məsafəsi 356 min 447 kilometr olacaq.


A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: