Gizir və miçmanlar üçün hərbi xidmət müddətinin artırılmasına aydınlıq gətirilib

17.10.2025 09:37 6 baxış sayı 5 dəq. oxuma APA
Gizir və miçmanlar üçün hərbi xidmət müddətinin artırılmasına aydınlıq gətirilib

Gizir və miçmanlar üçün hərbi xidmət müddətinin artırılması, həmçinin hərbi qulluqçuların əyani təhsil müddətində sərəncamda olması barədə qanunvericiliyə təklif edilən dəyişikliklərə aydınlıq gətirilib.


Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi aparılıb. Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev müzakirələr zamanı danışıb. O deyib ki, qanunlarda dəyişikliklərin əsas məqsədi müasir çağırışlara uyğun olaraq bu sahədə aparılan islahatlarla və təkmilləşdirmələrlə bağlıdır.


Arzu Nağıyev bildirdi ki, qüvvədə olan qanunlara əsasən, bütün gizir və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmanın müddəti 5 il müəyyən edilib. Bura “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 12-ci maddəsinin “q” bəndi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.4-cü maddəsi daxildir.


Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrində, eləcə də xarici ölkələrin analoji təhsil müəssisələrində təhsil almış hərbi qulluqçular ixtisaslaşmış peşəkar kadrlardır. Onların bilik və bacarıqlarından ölkə müdafiəsində daha uzunmüddətli istifadə olunması məqsədilə layihədə həmin gizir və miçmanların dinc dövrdə həqiqi hərbi xidmətdə olma müddətinin 10 il müəyyən edilməsi təklif edilir.


Həmçinin, qanunların qüvvədə olan 26-cı maddəsinin “v” bəndində və 36.1.3-cü maddəsində gizir və miçmanların həqiqi hərbi xidmətinə qəbul edilə biləcək şəxslərin siyahısında 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən başqa) də nəzərdə tutulub. Layihədə bu ifadənin konkretləşdirilməsi planlaşdırılır. Beləliklə, “40 yaşınadək hərbi vəzifəlilər” ifadəsi “hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan gizirlər və miçmanlar, 40 yaşınadək ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar” ifadəsi ilə əvəz edilməsi təklif edilir.


Komitə sədri qeyd etdi ki, 2023-cü il 22 dekabr tarixli qanun ilə Əsasnamənin və Qanunun müvafiq olaraq 156-cı və 41-ci maddələrinə “Qeyd” hissəsi əlavə olunub. Bu hissəyə əsasən, zabitlərin həqiqi hərbi xidmət dövründə xarici və yerli ali təhsil müəssisələrində magistratura, doktorantura səviyyələri üzrə əyani təhsil müddəti, eləcə də bir ildən çox olan əlavə təhsil müddəti öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilmir.


Zabitlərin həqiqi hərbi xidmət dövründə əyani bakalavriat (baza ali tibb) təhsili müddətinin də 10 illik müddətə daxil edilməməsi təklif olunur. Bu hal zabitlərin öz arzusu ilə ehtiyata buraxılması üçün vacibdir.


Bundan başqa, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin qüvvədə olan 150-ci maddəsinə görə, hərbi qulluqçular rəsmiləşdirilmiş icazə əsasında ali mülki və orta ixtisas təhsil müəssisələrində oxuya bilirlər. Onlar hərbi ixtisasına yaxın və ya icra etdiyi işin xarakterinə uyğun olan ixtisasları seçirlər.


Təcrübədə bəzi hərbi qulluqçuların ali mülki və orta ixtisas təhsil müəssisələrində təhsil alması ilə yanaşı, eyni vaxtda öz hərbi xidmət vəzifələrini yerinə yetirməsi mümkün olmur. Bunun qarşısını almaq məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 38.2-ci maddəsində nəzərdə tutulan hərbi qulluqçularının sərəncamda olma müddətlərinə yeni bir müddət əlavə edilir. Hərbi qulluqçu təhsil müddətində sərəncamda olmalıdır, əgər onu vəzifədə saxlamaq mümkün olmursa (Əsasnamənin 150-ci maddəsinə uyğun olaraq əyani təhsil almaqla əlaqədar).


Eyni zamanda, qanunların qüvvədə olan müvafiq maddələrində əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar üçün ehtiyatda olmağın son yaş hədləri eyni sətirdə göstərilib. Layihədə bu cədvəllərə dəyişiklik edilməsi təklif olunur. Gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədlərinin ayrıca sətirdə müəyyən edilməsi nəzərdə tutulur. Birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi 35 yaş, ikinci dərəcə üçün 45 yaş, üçüncü dərəcə üçün isə 55 yaş olmalıdır.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: