“İmişli” “Qəbələ”yə, “Sumqayıt” “Karvan-Yevlax”a qarşı oynayacaq

18.10.2025 05:15 5 baxış sayı 3 dəq. oxuma Trend
“İmişli” “Qəbələ”yə, “Sumqayıt” “Karvan-Yevlax”a qarşı oynayacaq

Misli Premyer Liqasında 8-ci turun matçları davam edir. İkinci oyun günündə daha iki maraqlı qarşılaşma keçiriləcək. Bu oyunlar xüsusilə cədvəlin orta və aşağı pillələrində yer alan klubların mövqelərinə ciddi təsir edə bilər.


Günün ilk oyunu "İmişli" və "Qəbələ" arasında Qubada baş tutacaq. Daha sonra isə "Sumqayıt" öz meydanında "Karvan-Yevlax"ı sınağa çəkəcək. Xatırladaq ki, turun əvvəlki oyunlarında artıq bəzi nəticələr qeydə alınıb. Cümə günü keçirilən matçlarda "Şamaxı" "Kəpəz"ə 1:4 hesabı ilə uduzmuş, "Turan Tovuz" isə "Qarabağ"a 1:2 hesabı ilə məğlub olmuşdu.


"İmişli" - "Qəbələ" matçı turnir cədvəlinin aşağı hissəsində yer alan iki komandanı qarşı-qarşıya gətirir. Yeddi oyundan sonra 8 xalı olan İmişli təmsilçisi 9-cu pillədə qərarlaşıb. Cəmi 4 xala malik olan "Qəbələ" isə 11-ci yeri tutur. Quba OİK stadionunda keçiriləcək bu qarşılaşma 14:30-da başlayır. Matçın hakimləri İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov və Elvin Bayramovdur. VAR hakimi Tural Qurbanov, AVAR isə Şirmamed Mamedov olacaq.


Günün ikinci və əsas mübarizəsi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 18:00-da start götürəcək. "Sumqayıt" "Karvan-Yevlax"ı qəbul edir. Son üç turda cəmi 1 xal toplayan "Sumqayıt" hazırda 6-cı pillədədir. Ancaq 11 xala malik Saşa İliçin komandası bu oyunda qalib gəlsə, birgünlük də olsa turnir cədvəlində üçüncü yerə yüksələ bilər. Yevlax klubu isə hazırda 5 xalla 10-cudur. Bu oyunda Rəvan Həmzəzadə baş hakim, Cəmil Quliyev, Gülnurə Əkbərzadə və Kamran Əliyev yan hakimlər olacaqlar. VAR-da Əli Əliyev, AVAR-da isə Əliyar Ağayev işləyəcək.


8-ci tura sabah, oktyabrın 19-da keçiriləcək iki matçla yekun vurulacaq. Həmin gün "Sabah" - "Zirə" (16:00) və "Neftçi" - "Araz-Naxçıvan" (18:30) qarşılaşmaları baş tutacaq. Bombardirlər siyahısına gəldikdə, "Sabah"dan Coy-Lens Mikels 4 qolla liderdir. 3 qol vuran futbolçular arasında Toral Bayramov ("Qarabağ"), Martins Juniyor ("Zirə"), Ba-Muaka Simakala ("Araz-Naxıvan") və Aleks Souza (“Turan Tovuz”) yer alır.


C
Motor idmanları müxbiri

Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.

Bütün məqalələrə baxın
Paylaş: