Münaqişələrdə istismar olunan ətraf mühit – cəzasız qalan işğalçılar - ŞƏRH

06.11.2025 12:58 7 baxış sayı 4 dəq. oxuma Report
Münaqişələrdə istismar olunan ətraf mühit – cəzasız qalan işğalçılar - ŞƏRH

Noyabrın 6-sı Müharibə və silahlı münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması Beynəlxalq Günüdür. BMT Baş Assambleyası bu günü 2001-ci ildən etibarən qeyd edir. Qətnamədə vurğulanır ki, ekosistemin pisləşməsi münaqişələr bitdikdən sonra da uzun müddət davam edir və bir neçə nəsli əhatə edir. Sənəddə dövlətlər və beynəlxalq təşkilatlar bu günü qeyd etməyə çağırılsa da, hərbi münaqişələrdən sonra ekosistemin vəziyyətinin pisləşməsinə kifayət qədər diqqət ayrılmayıb.


Dünyada müharibəsiz gün olmadığı üçün hər gün təbiətə ciddi ziyan dəyir. BMT-nin keçmiş Baş katibi Kofi Annan 2005-ci ildə müharibə nəticəsində ətraf mühitə dəymiş ziyanın aradan qaldırılmasını Təşkilatın mühüm vəzifəsi adlandırmışdı. 2006-cı ildə isə o, müəyyən beynəlxalq sazişlər olsa da, ümumiyyətlə müharibənin ekoloji nəticələrinin müasir qanunlar tərəfindən nəzərə alınmadığını bildirib. Münaqişə və müharibələr zamanı ekosistemin pozulmasında əsas rol oynamış dövlətlər isə ya cəzalanmayıb, ya da onlara qarşı BMT Təhlükəsizlik Şurası heç bir sanksiya tətbiq etməyib. Bu cəzasızlıq halları hərbi münaqişələrdə ətraf mühitin istismarı probleminin genişlənməsinə gətirib çıxarır.


Ermənistanın işğalı zamanı Azərbaycan təbiətinə və ekologiyasına da böyük ziyan dəydi. Hələ 1988-ci ildə ermənilər Şuşanın məşhur Topxana meşəsini qırmağa başlamışdılar. İşğalçılar heç bir hüquqi məsuliyyət daşımadıqlarına görə Azərbaycanın ekosistemini pozmağa davam etdilər. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2016-cı ildəki hesabatında 22 illik işğal dövründə dəyən ümumi ziyan 265 milyard 281 milyon dollardan çox civarında hesablanıb. İşğal dövründə faydalı qazıntı yataqları talan edildi, meşələr məhv edildi və su mənbələri çirkləndirildi. Azərbaycan torpaqlarını azad etdikdən sonra Ermənistanın vurduğu ziyanın miqyası tam aşkarlandı. Ermənistan həmçinin ekoloji tarazlığı pozmaqla terror aktı törədib, o cümlədən qadağan olunan ağ fosfor bombalarından istifadə edərək flora və faunaya külli miqdarda zərər verib. Hətta 44 günlük müharibədən sonra da Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı davam etdirilib.


Rusiyanın Ukraynaya qarşı başladığı müharibə də bilərəkdən ölkənin təbiətini məhv edir. Müharibənin ilk dövründə RF-nin Ukraynaya vurduğu ekoloji zərər 52,4 milyard avro təşkil etmişdi. Təkcə Kaxovka SES bəndinin partladılması nəticəsində 14 milyard dollarlıq ekoloji və iqtisadi ziyan dəydiyi bildirilir. Partlayışlar və hərbi texnikanın dağılması hava, su və torpaqları çirkləndirən zəhərli maddələrin yayılmasına səbəb olur. Hərbi əməliyyatlar zamanı istifadə edilən mərmilərin tərkibində zəhərli qurğuşun, nikel və digər maddələr var. Bu maddələr asanlıqla yayılır və geniş əraziləri əhatə edir. Digər münaqişə zonaları, o cümlədən Gürcüstan, Suriya və İraq da ekosistem ziyanından əziyyət çəkir. Suriya və İraqda İŞİD kimi terrorçu qrupların neft və təbii qaz yataqlarını heç bir ekoloji qaydalara əməl etmədən istismar etməsi, Fərat çayının çirklənməsinə, kənd təsərrüfatı sahələrinin məhv olmasına və böyük ərzaq böhranı təhlükəsinə yol açmışdır. Bütün bu hadisələr göstərir ki, müharibə zamanı nəzarətsiz qalan ərazilərin sərvətləri talan edilir və ekoloji sistemi dağıdılır, çünki bu cinayətlərə görə beynəlxalq səviyyədə heç kim məsuliyyət daşımır.


A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: