Osakadakı Milli pavilyonumuz Alman Dizayn Mükafatının qalibi olub (FOTO)

21.10.2025 10:35 15 baxış sayı 3 dəq. oxuma Trend
Osakadakı Milli pavilyonumuz Alman Dizayn Mükafatının qalibi olub (FOTO)

Yaponiyanın Osaka şəhərində keçirilən “Ekspo 2025” dünya sərgisindəki Azərbaycan pavilyonu böyük uğur qazanıb. Milli pavilyon "Mükəmməl Memarlıq / Yarmarka və Sərgi” (Excellent Architecture / Fair and Exhibition) kateqoriyasında Alman Dizayn Mükafatının (German Design Award) qalibi seçilib.


Bu mükafat 2012-ci ildə təsis edilib və beynəlxalq şöhrətə malikdir. Mükafat dizayn vasitəsilə yeni perspektivlər açan və innovasiyaya təkan verən layihələrə təqdim edilir. Alman Dizayn Mükafatının təmsilçiləri Azərbaycan pavilyonunu ziyarət ediblər və onun konsepsiyasını yüksək qiymətləndiriblər. Onlar bu layihəni fantastik adlandırıb, eyni zamanda çox sayda ziyarətçinin marağına səbəb olduğunu qeyd ediblər. Bu nailiyyət Azərbaycanın qlobal sərgilərdə nümayiş etdirdiyi yüksək səviyyəli dizayn və təqdimat keyfiyyətini bir daha təsdiqləyir.


“Ekspo 2025” dünya sərgisi aprelin 13-dən oktyabrın 13-dək fəaliyyət göstərib və ümumilikdə 25 milyondan çox ziyarətçini qəbul edib. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan Azərbaycan pavilyonu ən seçilən və çox ziyarət edilən sərgilər sırasına daxil olub. Milli pavilyon Ekspo zamanı 2 milyondan çox ziyarətçi qəbul edib. Pavilyonun konsepsiyası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından ilhamlanmışdı. Bu sərgi vasitəsilə Azərbaycanın zəngin mədəni irsi, texnoloji və davamlı inkişafa bağlılığı, həmçinin dialoqa açıqlığı nümayiş etdirilib.


Qeyd edək ki, Azərbaycan 2000-ci ildən bəri Ekspo sərgilərində uğurla iştirak edir və milli pavilyonlar müxtəlif mükafatlara layiq görülüb. Məsələn, “Milan Ekspo 2015” dünya sərgisindəki milli pavilyon “Dizayn və materiallar” nominasiyası üzrə mükafatla təltif edilmişdi. Bu mükafat İtaliyanın ətraf mühit nazirliyinin “Davamlı Ekspoya doğru” (“Towards a Sustainable Expo”) proqramı çərçivəsində verilmişdi. Bundan başqa, “Antalya Ekspo 2016” beynəlxalq botanika sərgisində Azərbaycan pavilyonu eksteryer və interyer bağçası nominasiyasında birinci yer tutub. “Astana Ekspo 2017”də isə pavilyon "Şərq dizaynı” nominasiyasında mövzunun geniş açıqlanması üzrə gümüş mükafat qazanıb. Ən son uğurlardan biri kimi, Azərbaycan milli pavilyonu “Pekin Ekspo 2019” sərgisində eksteryer-interyer konsepsiyasına və dizaynına görə “Xüsusi mükafat”a (ikinci yer) layiq görülüb.


G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: