Paşinyanın erkən seçki planı - Baş nazir revanşistlərə qarşı hücum hazırlayır? – ŞƏRH

29.10.2025 09:18 9 baxış sayı 5 dəq. oxuma Report
Paşinyanın erkən seçki planı - Baş nazir revanşistlərə qarşı hücum hazırlayır? – ŞƏRH

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyası daxilində Baş nazir Nikol Paşinyanın erkən parlament seçkiləri keçirməyə hazırlaşması barədə danışılır. Rəsmi seçkilərin 7 iyun 2026-cı ilə təyin olunmasına baxmayaraq, artıq seçki kampaniyası meneceri təyin edilib. Bu tələskənlik hakim partiyanın bir çox üzvündə şübhə yaradıb. Komanda Paşinyanın erkən seçkilər niyyətindən şübhələnir və ehtimal edilir ki, artıq qərar verilib, sadəcə partiya elitası arasında müzakirə edilir. Məlumata görə, seçki kampaniyasına Baş nazirin aparat rəhbəri Arayik Harutyunyan rəhbərlik edəcək. Bu addımı atmaqla Paşinyan iyuna planlaşdırılan seçkilərə üçüncü tərəflərin müdaxilə imkanlarını azaltmaq istəyir. Eyni zamanda o, ölkə daxilindəki gərginliklərdən yararlanaraq iğtişaşlar törətməyi planlayan revanşist və digər qüvvələrin arzusunu ürəyində qoymağa çalışır. Son günlər baş verən hadisələr fonunda Paşinyanın reytinqi xeyli artıb, bunu keçirilən ictimai rəy sorğuları da göstərir.


Azərbaycanla sülhə doğru atılan addımlar, iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlərin keçirilməsi və Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsi Paşinyanın seçicilər arasında əlavə nüfuz qazanmasına səbəb olub. Hakim partiyanın nümayəndələri Azərbaycanın bu addımını müsbət qiymətləndirib və rəsmi Bakının dəstəyi ilə Rusiya asılılığından qurtulacaqlarının siqnalını veriblər. Təbii ki, bu açıqlamalar və atılan addımlar revanşist qüvvələri və xarici təsirləri yenidən hərəkətə gətirib. Seçkilərə hələ 8 ay qalır və bu müddət ərzində çoxsaylı mənfi ssenarilər işə salına bilər. Buna görə də, hakim komandanın seçkiləri erkən keçirmək, xarici qüvvələrin seçki prosesinə təsir imkanlarını azaltmaq niyyətində olduğu ehtimal edilir.


Ermənistanın daxili siyasi mühitində baş verənləri nəzərə alanda, erkən seçkilərin keçirilməsi əslində doğru addım sayıla bilər. Ölkə daxilindəki müxalifət, kilsə və diaspor üçlüyü baş nazirə qarşıdır və istənilən təxribata getməyə hazırdırlar. Məsələn, II Qaregin hətta həbs edilsə belə, həbsxanadan Eçmiədzinə rəhbərliyə davam edəcəyini deyib. Bu vəziyyət ruhanilər arasında parçalanmaya və müəyyən münaqişələrə yol aça bilər. Müxalifət dedikdə söhbət revanşistlərdən, yəni Serj Sarqsyan və Robert Köçəryan komandasından gedir. Hazırda nüfuzu getdikcə azalan bu ekslər hakimiyyətə can atmaq üçün istənilən təxribata gedəcəklər. Bu, Gümrüdə meri Vardan Qukasyanın rüşvət ittihamı ilə həbsi zamanı polis qüvvələri ilə yerli sakinlərin toqquşması hadisəsində özünü göstərib. Diasporun da mümkün qarışıqlıq zamanı hərəkətə keçəcəyini düşünmək olar. Diaspor, xüsusən də Rusiyadakı erməni diasporu Samvel Karapetyan kimi yeni fiqurlar axtarışına çıxıb. Lakin Paşinyan komandası diaspora təsirini minimuma endirməyə çalışır. Seçki sistemi xaricdə yaşayan vətəndaşların səfirliklərdə səs verməsinə icazə vermir, bu da diasporun seçkilərə təsirini azaltmaq məqsədi güdür.


Kilsə, müxalifət (əsasən revanşistlər) və diaspor Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesinə və İrəvanın Ankara ilə yaxınlaşmasına qarşı çıxan əsas qüvvələrdir. Təsadüfi deyil ki, Ankara ilə İrəvan arasında təmas yaranan kimi, qondarma erməni soyqırımı məsələsi ortaya atılır. Bu qüvvələrin sülh gündəminə qarşı olması onların qorxusu ilə bağlıdır, çünki sülh müqaviləsi vaxtilə Azərbaycana qarşı hərbi cinayətlər törətmiş şəxslərin məhkəmə qarşısında cavab verməsi ilə nəticələnə bilər. Baş nazir və hakim komanda bu qüvvələrin təsirini məhdudlaşdırmaq üçün inzibati və hüquq-mühafizə resurslarından istifadə edir. Məsələn, Gümrü və Masis merlərinin həbsləri buna nümunədir. Bu addımlarla radikal qüvvələrin fəallaşmasının qarşısı alınır və xarici müdaxilənin önü kəsilir. Bu planlar Paşinyanın radikal və revanşist qüvvələrin hakimiyyətə qayıdışını əngəlləmək, sülh prosesində əldə edilən müsbət addımların pozulmasının qarşısını almaq üçün həyata keçirdiyi strateji gedişlərdir. Baş nazirin hazırda Parisə səfər etdiyini və orada bir sıra görüşlər keçirəcəyini nəzərə alsaq, yaxın günlərdə erkən seçkilərlə bağlı konkret qərar veriləcəyini gözləmək olar.


F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: