"Qarabağdan gələn ermənilər kəndlərdə evləri yandırırdılar" - Qərbi Azərbaycan Xronikası

07.11.2025 19:38 4 baxış sayı 4 dəq. oxuma Report
"Qarabağdan gələn ermənilər kəndlərdə evləri yandırırdılar" - Qərbi Azərbaycan Xronikası

Zəngibasar mahalının Sarıcalar kənd sakini Zeynal Məmmədovun həyat hekayəsi "Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində hazırlanan verilişdə təqdim edilib. Onun hekayəsi Azərbaycandan zorla köçkün düşmüş yüz minlərlə insanın çəkdiyi acıları və doğma torpağa qayıtmaq arzusunu əks etdirir. Z. Məmmədov 1964-cü ildə anadan olduğunu, kəndlərinin Araz və Zəngi çaylarına yaxın, İrəvandan cəmi 30-35 kilometr aralıda yerləşdiyini söyləyib. Sarıcalı kəndində əsas məşğuliyyət tərəvəzçilik idi. Z. Məmmədov uşaqlıq illərindən ermənilərin pis xislətini gördüyünü, rayondakı məscidin sökülüb dağıdıldığını qeyd edir. Yerli azərbaycanlılar həmişə ermənilərin təzyiqindən əziyyət çəkirdilər; dükan, bazar və rayonda onlarla daim davalar olurdu. Hətta əsgərliyə gedərkən hərbi komissarlıqda da türk-erməni davası baş vermişdi. Texnikumda oxuduğu zaman da vəziyyət fərqli deyildi, hər gün mübahisələr olurdu, çünki ermənilər onlarla birgə yol getmək istəmirdilər. Bu gərginlik onun bütün həyatına təsir etmişdi.


Zeynal Məmmədovun ailəsi bir neçə dəfə deportasiya ilə üzləşib. O, babasının 1905-1920-ci illərdə Sarıcalar kəndində yaşamağa məcbur olduğunu və zorla evindən çıxarıldığını xatırladır. Nənəsinin sözlərinə görə, babası sonra köçüb Sarvanlar kəndinə gəlib. Babası bəy olduğu üçün orada həbs edilib, Üçkilsə həbsxanasına salınıblar. Həbsxanadan çıxandan sonra o, yaşayış yerini yenidən dəyişməli olub. Bütün var-dövlətini əlindən aldıqdan sonra bir müddət Şərurun Maxta kəndində yaşayıb. 1956-cı ildə isə ailə yenidən Sarıcalar kəndində məskunlaşıb. Lakin 1988-ci ildə ailəyə yenidən deportasiya fəlakəti yaşanıb.


1988-ci il hadisələri xüsusi ilə qanlı və təhlükəli olub. Z. Məmmədov anasının xəstəxanada erməni həkim tərəfindən öldürülmək istədiyini, buna görə də anasını oğurlayıb qaçırtdığını danışır. O dövrdə şəhərə çıxmaq çox çətin idi. Azərbaycandan gələn Qarabağ erməniləri kəndlərə hücum edir, evləri yandırırdılar. Onlar həmin vəhşiliklərin əlindən böyük əziyyət çəkirdilər. Kənd sakinləri gecə-gündüz hər evdən 2-3 nəfər ayırıb kənddə qarovul çəkməyə məcbur qalırdılar. Məmmədov qeyd edir ki, onlar orada səksəkə və qorxu içində yaşamışdılar. Çox çətinliklə, on beş nəfəri bir "Moskviç"ə doldurub Arazın qırağı ilə Sədərəyə gəlmək mümkün olub. Qaçqınlar gələrkən ermənilər onlara daş atır və güllə ilə atəş açırdılar. Bütün bunlar rus sərhədçilərinin gözü qarşısında baş verirdi.


Ailənin Bakıya gəlişi çox çətinliklə, bir aydan sonra baş tutdu. Atası və anası bir gün sonra hərbçilərin yük maşını ilə gələ bildilər. Z. Məmmədov doğma yurdunda böyük evlərinin, mülklərinin və 30 sot torpaqlarının qaldığını xatırlayır. O, Ağadədə həm ziyarətgah, həm də qəbirstanlıq olduğunu, orada çox qədim qəbirlərin yerləşdiyini, nənəsinin anasının da orada dəfn olunduğunu bildirir. Məmmədov dədə-baba yurdlarını heç vaxt unutmadıqlarını vurğulayır. Babası və atası deportasiya olunmalarına baxmayaraq, yenə də geri qayıdıbsa, o da eyni hisləri yaşadığını deyir. Z. Məmmədov yurduna qayıdacaqlarına və ulu babalarının qəbirlərini ziyarət edəcəklərinə inanır.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: