Səbinə Əliyeva: Təqaüdçülərə, şagird və tələbələrə ictimai nəqliyyatda güzəştlər tətbiq edilməlidir

07.11.2025 08:17 5 baxış sayı 3 dəq. oxuma Report
Səbinə Əliyeva: Təqaüdçülərə, şagird və tələbələrə ictimai nəqliyyatda güzəştlər tətbiq edilməlidir

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin birgə iclasında çıxış edərək bir sıra mühüm təkliflər səsləndirib. Onun əsas təkliflərindən biri ictimai nəqliyyatda güzəştlərin tətbiq edilməsi ilə bağlıdır. Xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla, Azərbaycanda ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə güzəştlər verilməlidir. S. Əliyeva bu təklifi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin iclasında səsləndirib.


Ombudsman həmçinin səhiyyə və təhsil sistemləri ilə bağlı zəruri addımların atılmasının vacibliyini vurğulayıb. O, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin tibbi təminatının gücləndirilməsini istəyir. Aparılan təhlillər və Türkiyə kimi digər ölkələrin müsbət təcrübələri əsasında, bu şəxslər insulin, digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə daha yaxşı təmin edilməlidirlər. Təhsil sahəsinə gəldikdə, orta təhsil icbari olduğu üçün tədris proqramlarında dərsliklərlə yanaşı, köməkçi vəsaitlərdən də istifadə olunur. Səbinə Əliyeva şagirdlərə həmin çalışma və köməkçi vəsaitlərin dövlət hesabına verilməsini, həmçinin orta məktəblərdə şagird sayına uyğun müəyyən edilən mövcud psixoloq ştatlarının artırılmasını çox vacib hesab edir.


S. Əliyeva başqa bir məsələyə-kənd yerlərində tibbi kadrların cəlb olunmasının maliyyə təminatına da toxunub. O əlavə edib ki, Nazirlər Kabinetinin bu məsələ ilə bağlı qərarında nəzərdə tutulan maliyyə təminatları yenidən gözdən keçirilməlidir. Kənd yerlərindəki tibb müəssisələrinə tibbi kadrların cəlb edilməsini həvəsləndirmək məqsədi daşıyan bu tədbirlər dövrün sosial-iqtisadi tələblərinə uyğun şəkildə təkmilləşdirilməlidir.


A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: