"Şərurlu İsfəndiyar"ın məhkəməsində prosesə çağırılan AMEA-nın eksperti rəyini açıqlayıb

14.11.2025 07:47 4 baxış sayı 4 dəq. oxuma Report
"Şərurlu İsfəndiyar"ın məhkəməsində prosesə çağırılan AMEA-nın eksperti rəyini açıqlayıb

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (“Şərurlu İsfəndiyar”) Binəqədi Rayon Məhkəməsində davam edən məhkəmə prosesində mühüm hadisə baş verib. Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasa təqsirləndirilən tərəfin vəsatəti əsasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisi Nəzakət Qaziyeva çağırılıb. Mütəxəssisin çağırılmasının əsas səbəbi Axundovun “Proqress 2016 MTK”nın həbsdə olan rəhbəri Emil Səməndərov haqqında söylədiyi ifadələrin hüquqi baxımdan böhtan və ya təhqir hesab edilib-edilməməsini aydınlaşdırmaq idi. Təqsirləndirilənin vəkili Ülvi Nəsibli müvəkkilinin dediklərindən sitat gətirərək, bu məsələnin təhqir olmadığını iddia edib. Vəkil bu fikri dəstəkləmək üçün mütəxəssisin rəyini soruşub. Zərərçəkənin vəkili Asim Abbasov isə sualın manipulyativ xarakterli olduğunu bildirərək buna etiraz edib.


Ekspert rəyini açıqlamazdan əvvəl, təqsirləndirilən İsfəndiyar Axundov məhkəmədən söz almağı xahiş etdi. O, sözügedən ifadələri dediyi vaxt əsəbi olduğunu və pis vəziyyətdə çatdığını izah edib. Axundov həmin vaxt ona müxtəlif şikayətlərin gəldiyini, şikayətçilərin arasında qazi və şəhid ailələrinin olduğunu qeyd edib. Axundovun sözlərinə görə, bütün narazılıqlar səbəbindən əsəbləşib bir neçə cümlə səsləndirib. Axundov həmçinin 75 yaşında məhkəmə yollarında əsir edilməsindən narazılıq ifadə edərək, yaşının çox olması səbəbindən hiddətlənib bir neçə söz dediyinə görə bu qədər əziyyət görməsindən şikayətlənib. O, Emil Səməndərovu dələduz adlandırdığı üçün Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayətlə üzləşib.


Daha sonra ekspert Nəzakət Qaziyeva məsələ ilə bağlı rəyini verdi. O, sorğuda üç sualın olduğunu və hər birini araşdırdığını bildirib. Ekspert “pul yemək” ifadəsinin frazeoloji birləşmə olduğunu və ayrılmış pul vəsaitinin mənimsənilməsi mənasını verdiyini qeyd etdi. Qaziyeva “yeyinti” sözünün məcazi mənada, oğurlamaq və ya israf etmək mənasında işləndiyini vurğulayıb. Mütəxəssis izah edib ki, istənilən söz yerinə görə təhqir sayıla bilər, amma bu, həmin sözün hüquqi baxımdan təhqir olduğu anlamına gəlmir. Ekspert qəti şəkildə bildirib ki, təqdim olunan sözləri linqvistik baxımdan təhqir yox, tənqid hesab etmək olar.


Zərərçəkənin vəkili Asim Abbasov ekspertin rəyinə etiraz edərək onu qərəzli olmaqda ittiham etdi. Vəkil daha sonra ekspertə İsfəndiyar Axundovun işlətdiyi digər bir ifadənin, yəni “Şərəfi və layəqati olan adam şəhid, qazi ailəsini aldadarmı?” sözünün təhqir olub-olmadığını soruşub. Ekspert Nəzakət Qaziyeva bu ifadənin təhqir sayılması üçün konkret şəxsə yönəldilməsinin vacib olduğunu qeyd etdi. O, Axundovun istifadə etdiyi bu sözün konkret adama yönəldilmədiyini söyləyib. Abbasov nümunə çəkərək, ekspertin özünə yönəldilmiş şərti sual versə də, Qaziyeva bu sözü öz üzərinə götürməyəcəyini bildirib. Sonda hakim ekspertin prosesdə söylədiklərini rəy formasında növbəti iclasa təqdim etməsi üçün ona video materialların verilməsi barədə qərar çıxarıb. Proses mütəxəssis rəyinin məhkəməyə təqdim olunması məqsədilə 20 noyabradək təxirə salınıb.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: