Siyasi səhnədə balans dəyişir: 5-ci kolonun geriləməsi və yeni reallıqlar (RƏY)

03.11.2025 16:56 9 baxış sayı 3 dəq. oxuma Trend
Siyasi səhnədə balans dəyişir: 5-ci kolonun geriləməsi və yeni reallıqlar (RƏY)

Son illərdə Azərbaycanın siyasi həyatında milli maraqlara zidd fəaliyyət göstərən, xarici təsirlərə açıq qüvvələrin rolu getdikcə azalır. Xüsusilə, AXCP, Müsavat Partiyası və ümumilikdə “5-ci kolon” adlandırılan dairələrin siyasi nüfuzu və cəmiyyətdəki təsir imkanları əhəmiyyətli dərəcədə zəifləyib. Azərbaycan ictimaiyyəti artıq xarici mərkəzlərin təsiri altında olan, milli maraqlardan uzaq siyasi qüvvələri rədd edir. İnsanlar ölkənin gələcəyini real inkişaf və milli həmrəylik üzərində qurmağa üstünlük verirlər.


Milli Məclisin deputatı Fazil Mustafa ölkə daxilində təxribat yaratmaq istəyən bütün qüvvələrə qarşı qətiyyətli addımların atılmasının vacibliyini vurğulayıb. Deputat qeyd edib ki, konkret adlar çəkmək üçün əvvəlcə əsaslı və hüquqi dəlillər olmalıdır. Buna görə hüquq-mühafizə orqanları ciddi işləməli, hər bir iddia araşdırılmalıdır. Əgər hər hansı xarici ölkənin Azərbaycanda qarşıdurma yaratmaq və sabitliyi pozmaq məqsədləri varsa, onlara xidmət edən daxili və xarici qüvvələrə qarşı aydın və sərt mövqe ortaya qoyulmalıdır. Əks halda, müstəqilliyin və təhlükəsizliyin qorunmasında ciddi çətinliklər yarana bilər.


F. Mustafa əlavə edib ki, böyük bir zəfər əldə edilməsinə baxmayaraq, xüsusilə bəzi xidmət orqanlarının təsiri ilə ölkədə təxribat yaratmağa çalışan qüvvələrin fəallığı artır. Bunlara AXCP-yə mənsub trollar, konkret şəxslər və dini cəhalət üzərindən cəmiyyətə təsir etməyə çalışan qruplar daxildir. Deputat vurğulayıb ki, dövlət təhlükəsizliyi bu gün ölkənin ən prioritet məsələlərindən biridir. Bu səbəbdən ciddi araşdırmalar aparılmalı, təhlükəsizliyi pozan elementlərə qarşı ən sərt və qanuni tədbirlər görülməlidir.


Deputat Ceyhun Məmmədovun fikrincə, özünü müxalifət adlandıran bəzi qruplar dövlətin gördüyü işlərə həmişə müxalif mövqedən yanaşırlar. O deyib ki, müxalifətçilik dövlətçiliyə qarşı olmaq deyil. Dünyanın hər yerində müxalifət var və onlar dövlətçilik məsələlərində dövlətin yanında olurlar. C. Məmmədov qeyd edib ki, AXCP və Müsavat bu prinsipləri nəzərə almalı, dövlət maraqlarına qarşı çıxış etməməlidirlər. Müxalifət qrupları dövlətçiliyi dəstəkləməli, dövlət məsələlərinin yanında olmalıdırlar. Əgər bəzi partiyalar dövlət siyasətinə və onun uğurlarına qarşı çıxırlarsa, bu, onların siyasi fəaliyyətini yenidən nəzərdən keçirmələrini tələb edir.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: