Süni intellektin lisenziyalaşdırılması məsələsi ən vacib mövzulardan birinə çevriləcək - Ramiliya Əliyeva

05.12.2025 07:36 9 baxış sayı 3 dəq. oxuma Trend
Süni intellektin lisenziyalaşdırılması məsələsi ən vacib mövzulardan birinə çevriləcək - Ramiliya Əliyeva

Gürcüstanın İctimai Televiziyasının “Rəngarəng Gürcüstan” layihəsinin rəhbəri, jurnalist Ramiliya Əliyeva bildirib ki, süni intellekt (Sİ) inkişaf etdikcə, ənənəvi medianın cəmiyyətdəki əhəmiyyəti də bir o qədər artır. Əliyeva bu fikri Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi” mövzusuna həsr olunmuş panel sessiyada səsləndirib. Onun sözlərinə görə, insanlar hələ də dəqiq, obyektiv və məsuliyyətli informasiyaya daha çox ehtiyac duyurlar. Süni intellekt bu prosesdə bir alət kimi istifadə edilə bilər. Lakin Sİ insan məsuliyyətini, peşəkar jurnalistikanı və faktlara söykənən məlumatları əvəz edə bilməz.


Əliyeva qeyd edib ki, hazırda Sİ təkcə Azərbaycan və Gürcüstanda deyil, qlobal miqyasda sürətlə böyüyür. Bu sürətli inkişaf səbəbindən, yaxın illərdə süni intellektin lisenziyalaşdırılması ən önəmli mövzulardan birinə çevriləcək. Rəqəmsal ekosistemin və bütün rəqəmsallaşdırılmış platformaların inkişaf etdiyi bir mühitdə, bu prosesləri müəyyən qaydalar və nəzarət mexanizmləri çərçivəsində idarə etmək artıq zəruridir. O vurğulayıb ki, hökumətlər və beynəlxalq təşkilatlar bu məsələyə ciddi yanaşmalıdırlar.


Media nümayəndələri lisenziyalaşdırmanın medianın fəaliyyətində etimad yaradan əsas elementlərdən olduğunu yaxşı bilirlər. Əliyeva izah edib ki, əgər hər hansı bir qurum və ya şəxs media subyekti kimi çıxış edirsə, ona göstərilən inam məhz dövlətin və ya beynəlxalq təşkilatların verdiyi lisenziya və akkreditasiyalardan irəli gəlir. Süni intellekt sahəsində də buna bənzər mexanizmlərin tətbiqi lazımdır. Yəni, Sİ sistemlərinin lisenziyalaşdırılması gələcək illərdə həll ediləcək ən mühüm məsələlərdən olacaq. Bu addım həm ictimai etimadı qorumağa, həm də informasiya təhlükəsizliyini təmin etməyə kömək edəcək.


G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: