Tbilisidə Gürcüstanın azərbaycanlı Xalq artistinin adını daşıyan küçə bərpa olunub

14.11.2025 11:33 6 baxış sayı 2 dəq. oxuma APA
Tbilisidə Gürcüstanın azərbaycanlı Xalq artistinin adını daşıyan küçə bərpa olunub

Tbilisinin Krtsanisi rayonunda yerləşən, Gürcüstanın Xalq artisti İbrahim İsfahanlının adını daşıyan küçə əsaslı təmir və bərpa edilib. Şəhər meri Kaxa Kaladze küçədə görülmüş işlərlə tanış oldu. Kaladze bu layihənin Krtsanisi rayonunda yol infrastrukturunun inkişafı üzrə növbəti mərhələnin başa çatdırılması olduğunu bildirdi. Bu layihənin dəyəri 527 min lari təşkil edib.


Təmir işləri yeraltı kommunikasiyaların yenilənməsini əhatə edirdi. Mer qeyd etdi ki, küçədə elektrik xətləri, su kəməri və kanalizasiya şəbəkəsi çəkilib və ya bərpa olunub. Tbilisi meriyasının verdiyi məlumata görə, İbrahim İsfahanlı küçəsində səkilər, bordürlər quraşdırılıb. Əlavə olaraq, dayaq divar və yeni işıqlandırma şəbəkəsi də qurulub. Küçə Azərbaycanın Gürcüstandakı səfirliyinin yaxınlığında yerləşir, adını bildirən yeni lövhələrin yaxın zamanlarda vurulması gözlənilir.


Bu küçə adı mədəniyyət xadimi İbrahim İsfahanlının (1897-1967) xatirəsini yaşadır. O, Tbilisidəki Azərbaycan teatrının aparıcı aktyoru və rejissoru kimi fəaliyyət göstərib. İsfahanlının adı küçəyə aktyorun 100 illik yubileyinin qeyd olunduğu 1997-ci ildə verilib. İsfahanlı Tbilisidəki Azərbaycan teatrı üçün böyük əhəmiyyət kəsb edib. Geniş tamaşaçı kütləsi onu xüsusilə 1962-ci ildə çəkilmiş “Böyük dayaq” filmindəki mühasib Yarməmməd rolunun ifaçısı kimi yaxşı tanıyır.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: